Can da təhlükədə, mal da – İnsanlar səhəri diri gözlü açırlar – Foto
Son günlər kəndlərdə, yaşayış məntəqələrində canavar hücumu çoxalıb. Bir neçə gün öncə Abşeron rayonu “Xanqulu” qış otlaq sahəsinə, Oğuz rayonuna canavarlar hücum edib. Hadisələr zamanı insan tələfatı və ya xəsarət alması qeydə alınmasa da, bu kimi hallar vətəndaşlarda böyük narahatlığa səbəb olub.

Sputnik Azərbaycan-ın əməkdaşı Qobustanın Cəngi qəsəbəsinin sakinləri ilə söhbətləşib.
Sakinlər bir neçə gün öncə “Xanqulu” qış otlaq sahəsində canavarların hücumu nəticəsində 407 qoyunun tələf olduğunu vurğulayaraq, həyatlarının, təsərrüfatlarının təhlükədə olduğunu bildiriblər.
Cəngi qəsəbəsinin sakini Namiq Əliyevin sözlərinə görə, yırtıcı heyvanlar təsərrüfatlara hücum edir, heyvanları tələf edir: “Canavarların vurulması qanunla qadağan edildiyi üçün kənd sakinləri qorxu ilə yaşamağa məhkum olub. Dərdlərini də kimə deyəcəklərini bilmirlər”.

Kənd sakini Ağarza Dəmirov bildirib ki, bir müddət əvvəl canavarlar onun 7 baş heyvanını aparıb: “Buraxmışıq örüşə. Bir də baxdım ki, səs gəlir. Mən gedib çatana qədər artıq parçalamışdı. İkisi yerində ölmüşdü. Digərləri də sonra öldü. Canavarın dişlədiyi heyvanı kəsib yemək də olmaz. Çünki canavarın quduz olub-olmaması bizə məlum deyil”.
Vəziyyətin bütün kənd əhalisini narahat etdiyini dilə gətirən A.Dəmirov bildirir ki, canavarlar bütün gecəni məhəllələrin, pəyələrin ətrafında dolanır. İtlərin səsindən yatmaq olmur.
Amma heç bir kənd sakini ürək edib canavara atəş açmır ki, cərimə edilə bilər.
Digər kənd sakini Cüməxanım Dəmirçiyevaya isə 2 il əvvəl canavar hücum edib. Qadın deyir ki, axşam saatlarında qızının evində gələn zaman canavarın hücumuna məruz qalıb. Canavar onun ayağını dişləyib.

Kənd sakini Asif Xanməmmədov da həyatlarının təhlükədə olduğunu deyir: “Bir neçə gün öncə yaxınlıqdakı yataqların birinə hücum olub və 400-dən çox qoyun tələf edilib. Həmin canavarlar kəndə hücum etsə, biz nə edəcəyik? Vurulmasına da icazə verilmir. Xahiş edirik ki, müvafiq qurum bu problemin həlli üçün lazımi tədbiri görsün. Özümüz bir kənara, uşaqlarımız üçün qorxuruq”.
A.Xanməmmədov qeyd edir ki, bir neçə il öncə canavar atasına hücum edərək, ayağından və əlindən qapıb. Hadisədən sonra kənd sakini atasını Bakıya gətirərək, quduzluğa qarşı müalicə etdirib.
İndi bütün əhali narahatdır. Hamı səhəri səksəkə ilə açır. Sakinlər müvafiq qurumun canavarların vurulmasına qoyduğu qadağanın götürülməsini istəyir.

Bu səbəbdən də nə kənd sakinləri canavar vurmağa cəhd edir, nə də ərazidə yaşayan ovçular.
Görünən vəziyyət isə acınacaqlıdır.
Sakinlərlə sağollaşıb ayrılıram. Dağların ətəyini gəzdikdə, canavarların parçaladığı heyvanların qalıqlarına rast gəlinir. Kənd əhalisi isə qorxur ki, bir gün canavarlar evlərinə hücum edər…

