“Cavan yazıçının iddiası imkanları ilə üst-üstə düşməyəndəfaciələr yaranır” – Əkrəm Əylisli ilə müsahibə

“Vahid ədəbi maraq ətrafında işləyən jurnal yoxdur, olsaydı, Mahmud kimi yazarlar ora toplaşacaqdılar”

“AYB yaradıcı adamların nazı ilə oynamalıydı, mən o qədər zəhləm gedən adamın nazını çəkmişəm”

İkinci Mahmud imzası ilə tanınan yazıçı Mahmud Atakişiyevin 33 yaşında qəfildən ürəktutmasından dünyasını dəyişməsi ədəbi mühitdə çoxlarını, xüsusiilə də onu tanıyanları şoka salıb.

Arxasınca iki körpə buraxan gənc yazarın vaxtsız gedişi dostlarını, qələm əhlini sarsıdıb. Amma bu, ilk gənc yazarın nakam ölümü deyil.

Mövlüd Mövlüdün intiharı, Kamran Sunun ürəktutmasından ölümü, Zərdüşt Şəfinin gedişi yeni nəsildə “yarpaq tökümü”nə bənzəyir.

Sosial şəbəkələrin Azərbaycan seqmentində kimisi Mahmudun ölümündə cəmiyyəti qınayır, kimisi mövcud ədəbi mühitdə günah görür, kimisi işsiz, pulsuz bir istedadın imkansızlıqdan özünü müayinə etdirə bilmədiyini yazır.

Qələm dostları onlara diqqətsizlikdən gileylənir, sıxıntılar içində həyatlarının şam kimi əriyib getdiklərini üsyan edirlər. Təbii ki, subyektiv səbəblərdir. Lakin tarix üçün yeni deyil.

Bütün zəmanələrdə yazı-pozu əhli dərin iztirablar, böhranlar keçirib, ağrılar-acılar içində yazıb-yaradıb, ən məşəqqətli taleləri yaşayıblar.

Murad Köhnəqala yazıb ki, İkinci Mahmudun faciəsi ədəbi sferada çox dərin sosial-psixoloji böhran yaşandığını göstərdi.
Yazıçı Əkrəm Əylisli ilə söhbətimizdə İkinci Mahmudun ölümü, gənc yazarların vəziyyəti, ədəbiyyatımız haqda danışmışıq.

Ə.Əylislinin “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

– Əkrəm müəllim, İkinci Mahmudu tanıyırdınızmı, ədəbi mətnləri ilə tanışlığınız varıydımı?

– İndi elə zəmanədir ki, bir hadisənin səbəbini axtaranda obyektivliyinə gedib çıxmaqda adam çətinlik çəkir. İnformasiya o qədər çoxdur ki, həqiqəti tapmaq olmur. Görünür, ürəyi xəstəymiş. Biz talantlı bir insan itirdik. Mən onun bir-iki yazısını oxumuşdum, istedadlı, səmimi, hərarətli, vicdanlı insan təsiri bağışlamışdı. Əsl elə mənim adamım idi.

Amma indi deyirlər ki, işsizlik, çörək dərdi… Bax, səbəbini burada görməyə çətinlik çəkirəm. Çünki ailəvi və ya şəxsi yaxınlığımız yox idi ki, dəqiq səbəbini deyəydim, ehtiyac içində olduğunu biləydim.

Gərək özünüzü qoruyasınız, bir-birinizə həssas olmalısınız. Ancaq baxıram ki, hamı dərdini gizlədir.

Bilirsən, əslində, yazıçı fərqli fikrin yiyəsidir. Fikri fərqli olmayan böyük sənətkar ola bilməz. Rusiyada ordenlər, medallar verirdilər, onların heç biri rus ədəbiyyatında qalmadı.

Amma Platonov, Bulqakov kimi ədiblər qaldılar. Niyə? Dövlət ideologiyası yazıçı sərbəstliyinə müdaxilə edə bilməz. Hər yazıçının öz dünyası var.

Məsələn, Anna Axmatova dövlətdən umub ki, yazmağa imkan verin, şər atmayın.

Bəxtiyar Vahabzadəyə “Gülüstan” poemasına görə təzyiqlər varıydı. Yəni, yalnız fərqli fikir sahibləri böyük ədəbiyyat yarada bilir.

Yazıçı şəxsiyyət deyilsə, onun fikri heç kimə lazım deyil, deyilən, yazılan o söz də bir günlük fikirdir. Amma Mahmud kimi gənclər elə dövrə düşdülər ki, cəmiyyətin aydın idealı yoxuydu.

– Bundan qabaqkı nəslin idealı nə idi?

– Bir müddət əvvəl gəncliyin idealı Azərbaycanın müstəqilliyi idi. Gənclər bu ideyanın arxasınca getdilər və doğrultdular. Ancaq ondan sonra elə ideya yoxdur ki, gəncliyi həyata bağlasın. Gənclik idealsız çətin yaşayır. Gənclik maksimalist enerjiyə malikdir. Bu maksimalizm ülvi bir keyfiyyətidir. Yəni, gənclik hər şeyi yüksək səviyyədə görmək arzusundadır. Cavan yazıçının iddiası ilə imkanları üst-üstə düşməyəndə faciələr yaranır.

İndiki gəncliyin içində boşboğaz da çoxdur, amma enerjili cavan yazarlar da az deyil. Sadəcə, belə görünür, onların həyatda öz mövqelərini tutmağa bir arxa-dayağı, onları seçən yoxdur.

Mən “Azərbaycan” jurnalında baş redaktor işləyəndə 4-5 ordeni olanı qapı arasında qoyub, cavanların mətnlərini çap edirdim.

Baxmayaraq ki, Mərkəzi Komitənin adamları ilə münaqişədəydim. Mərkəzi Komitə ona qədər heç bilmirdi ki, belə bir jurnal var, çünki rusca oxuyurdular.

Sonra “Azərbaycan” jurnalı elə vəziyyətə çatdı ki, əldən-ələ gəzdi. Bu, həm də qayğıydı. Cavan şair şeirini gətirirdi, mən də çap edirdim.

Səmimi inamla gedəndə alınır. Bu gün gəncliyin elə jurnalı yoxdur, çap olunmağa yeri yoxdur. Vahid ədəbi maraq ətrafında işləyən jurnal yoxdur.

Əgər belə jurnal çıxsaydı, Mahmud kimi yazarlar ətrafında toplaşacaqdılar. O vaxtı pis-yaxşı qonorar da varıydı. Mən Mahmudun bir hekayəsini də kənara qoymazdım, çap edərdim. Səmimiyyət, gəncliyə qayğı yoxdur.

– Axı indi zaman başqadır, jurnal dövrü deyil, yazıçı mətnini sosial şəbəkədə yaya, oxucu kütləsi toplaya bilər…

– Razıyam, indi başqa zəmanədir. Amma sosial şəbəkə müvəqqəti ehtirasların ifadəsidir, daimi deyil. Ədəbiyyatda böyük ehtiraslar qalır.

Məsələn, Mövlüd intihar elədi. Biz onun taleyini öyrənməliydik ki, gələcəkdə bir də təkrar olmasın. Amma öyrənmədik, sosial şəbəkədə hay-küy saldılar, yaddan çıxıb getdi.

– Siz deyirsiniz ki, indiki gəncliyin idealı yoxdur, sizin ədəbi nəslin, yəni 60-ların idealı nə idi?

– 60-cılar dövrünün idealı ölkəsini daha firavan və azad görmək idi. Xruşovun vaxtında o şərait yaranmışdı. Yəni, 60-lar prosesi SSRİ-nin hər yerində getdi və eləcə də Azərbaycanda da oldu.

Amma “Alatoran” jurnalı gəldi, başında Rasim Qaraca olmaqla 60-lara qarşı ləyaqətsiz döyüş başladılar. Bu mübarizə ədəbi həyata heç bir aydınlıq gətirməyən qarmaqarışıqlıqdan ibarət idi.

Onlar Stalin dövrünün planlı ədəbiyyatını yox, biz 60-lar nəslinə hücuma keçdilər. Belə lazım deyildi, bu nəsillə arada körpü yaratmalıydı.

Amma yazdılar ki, filankəs yazıçı deyil, filankəs belədir. Mənim haqqımda Amerika professoru yazır ki, Əkrəm Əylisli Nobelə layiqdir, burdakılar başqa sözlər deyirlər. Mən ömrümün yarısını İsa Hüseynovu tərifləmişəm.

– Bəlkə 60-ları tənqid edən yeni nəsil özünü bu yolla təsdiqləmək arzusundaydı?

– Axı özünü təsdiqləmək üçün bu yol deyil. Mən “Tolstoy kimdir, yazıçı olmayıb” deməklə öz yazıçılığımı təsdiqləyə bilmərəm. Bu, məğlubiyyətdir.

Məsələn, o vaxtdan Həmid Herisçinin istedadlı olduğunu hiss eləmişdim. İndi də o fikirdəyəm ki, Həmid maraqlı və ciddi söz sahibidir. Amma onunla bərabər gələn nəslin yarısı söndü, kimisi fikrini dəyişdi.

İndi mən deyəcəyəm, sabah mənə cavab yazacaqlar, amma Azərbaycan Yazıçılar Birliyi bu qayığını göstərməliydi. AYB yaradıcı adamların nazı ilə oynamalıydı. Bunlar deyir ki, heç kəsin nazı ilə oynamırıq. Əgər bir istedad ipə-sapa yatmırsa, niyə onun nazını çəkməyəsən?

Mən o qədər zəhləm gedən adamın nazını çəkmişəm, çap eləmişəm. Bir dəfə Dilsüzun hekayəsi o qədər xoşuma gəlmişdi, sevincimdən uşaqları başıma yığıb qonaqlıq vermişdim. İndi ədəbi uğura sevinən kimdir?

Mən həmişə yaxşı əsər görəndə elə bilmişəm özüm yazmışam. Təəssüf ki, əxlaqi dəyərlərə münasibət kökündən dəyişib. Mənə ən çox təsir edən budur.

Aqşinin bir şeiri varıydı, onu o vaxt YAP-ın rəsmi qəzetində tərifləmişdim. Yaxşı şeirdirsə, mətndirsə, mən tərifimi özümdə saxlamıram. Bilirsən, bəlaların səbəbi çoxdur. Gərək səmimi olaq, oturaq dərdlərimizn kökün axtarıb tapaq.

“Mənim dilim ona görə yaxşıdır ki, yalan yazmıram”

– Tərif demişkən, o gün Əziz Nesin barədə 1996-da yazdığınız məqaləni oxudum, möhtəşəm yazmısınız…

– Nədənsə o yazı mənə hələ də aktual göründü. Bilirsən, “Kafka elə yazıb, mən də elə yazacağam” demək olmaz.

Bu nağıllardan çıxmaq lazımdır. Belə fikirlər xəstə illuziyasıdır. Onlardan canımızı qurtarmalıyıq. Sən heç vaxt Kafka kimi yaza bilməyəcəksən.

Ədəbiyyat murdarlığı və yalanı götürmür. Deyirlər ki, Əkrəmin yaxşı dili var. Yalan sözlə yaxşı dil mümkün deyil.

Dil özlüyündə, təbii varlığında saxta deyil. Ona elə şeylər qatırıq ki, pis olur. Mənim dilim ona görə yaxşıdır ki, yalan yazmıram.

Mədəniyyət

Nəşr edilib: 2019/07/08 16:26

Baxış: 235


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06