Çoban və ofisiant işləyən milli atlet – FOTOLAR, VİDEO
Türkiyənin milli atleti Gülcan Palavan kənd işlərində ailəsinə kömək edir, ofisiant kimi işləyir və qəzet paylayır.
Minval.İnfo xəbər verir ki, 18 yaşlı atlet 5-ci sinifdə oxuyarkən məktəbdə təşkil edilən qaçış yarışlarındakı yaxşı performansı ilə məşqçi Halil İbrahım Yıldızın diqqətini cəlb edib.
Qatıldığı bütün yarışlarda yüksək nəticə əldə edən Gülcan sonuncu dəfə 2015-ci ildə Bolqarıstanda təşkil edilən “Dağ kross qaçışı” yarışında dünya 3-cüsü olub.
Orta məktəbi keçən il bitirən Gülcan səhər tezdən oyanaraq tövlədəki heyvanlara yem və su verir, daha sonra idman paltarını geyinib 13 km yolu qaçaraq şəhər mərkəzinə gəlir.
Əvvəlcə, qəzetləri paylayıb, sonra da ofisiant işlədiyi restorana yollanan atlet, bir yandan da universitetə hazırlaşır.

İştirak edəcəyi çempionatlara soyuq havada, qarlı kənd yollarında hazırlaşan Gülcan kənd həyatının ona çox şey qazandırdığını deyir: “Mən bu kənddə doğulub, böyüdüm, burada qaçmağa başladım. Uşaqlığımı dağda atamla birgə çobanlıq edərək keçirib, heyvanların arxasınca qaçmışam. Tək hədəfim qaçmaq və Türkiyəni təmsil etməkdir. Həmçinin, ali təhsil almaq da mənim üçün prioritetdir. Qəbul imtahanına hazırlaşmaqla yanaşı ailəmə kömək edirəm, qəzet paylayıb, ofisiant işləyirəm”.

Gülcanın məşqçisi Halil İbrahim Yıldız 18 yaşlı qızın ən böyük dəstəkçilərindəndir: “Gülcandan sadəcə bir gözləntimiz var, həm oxusun, həm də qaçmağa davam eləsin”.
Gənc atletin anası Sakine Palavan isə qızı ilə fəxr etdiyini söyləyir: “Övladımla hər zaman qürur duymuşam”.
Dəniz Kərimzadə
Minval.info

