Cümhuriyyətə qədərki yaxın dövrdə Azərbaycan qadınlarının fəaliyyəti – “Hər kim bunu etsə kafirdir”
Bu gün Azərbaycan qadını dövlət quruculuğu və idarəçiliyi, sosial və mədəni sahədə uğurla fəaliyyət göstərir.
Minval.info bildirir ki, millətimizin inkişafında mənəvi gücünü, sərvətini əsirgəməyən böyük Azərbaycan oğullarından biri, AXC parlamentinin deputatı-Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev idi.
O, yaxşı bilirdi ki, müsəlman-tatar adlandırılan, zülmət girdabında boğulan millətin tərəqqisi üçün maarif, mədəniyyət, mətbuat, məktəb gərəklidir. Bu işığın isə yalnız millətin öz övladları yandıra bilərdi. Bu övladların yetişməsi üçün də savadlı, dünyagörüşlü qadın, ana lazım idi. Bu düşüncənin nəticəsi idi ki, min bir əziyyətlə də olsa 112 il öncə Tağıyevin təşəbbüsü ilə Müsəlman Şərqində ilk qız məktəbi fəaliyyəti başladı. 1901- ci ildə məktəb açıldı və onun açılmasında Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikovanın da yardımları olub. Hənifə xanım ilk olaraq buranın müəllimi, daha sonra müdiri kimi fəaliyyət göstərib. Məktəb Avropa modernizmi ilə bacarıqla birləşdirilərək Azərbaycanda dünyəvi qadın təhsilinin əsasını qoydu. Bu məktəbi bitirən onlarla qız sonradan millətimizin tərəqqisində yaxından etdilər. Bu siyahıda Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Naxçıvanda qızlar məktəbi açan Nazlı Tahirova, Bakıda “Qadın Xeyriyyə Cəmiyyəti”ni yaradan Liza Muxtarovanın adını çəkmək olar.
1905-ci il inqilabdan əvvəl Tiflisdəki qızlar institutunda erməni, gürcü və digər xalqların nümayəndələri ilə yanaşı azərbaycanlı qızlar da təhsil alırdılar. Həmin millətlərin qızları öz ana dillərində alır, azərbaycanlılara isə ana dili tədris edilmirdi. Həmidə xanım Cavanşir Tiflisdəki dövlət idarələrini qapı-qapı gəzib məktəbin təmir və avadanlıqla təchizatını boynuna götürərək ,nəhayət, rəsmi razılıq alır ki, azərbaycanlı qızlar da ana dilində təhsil alsınlar. Daha sonra Həmidə xanım 1909-cu ildə böyük maneələri aşaraq kənddə ilk dəfə oğlanlarla qızların birgə oxuduğu məktəb açdı.
Həsən bəy Zərdabinin xanımı Hənifə xanım on altı il Zərdab kəndindəki evlərində pulsuz pansion açmış, heç bir təmənna güdmədən dərs verməklə yanaşı, ev-ev gəzib qadınlara yazıb-oxumaq öyrətmiş, uşaqları peyvənd etmişdir. Eyni zamanda Hənifə xanım Zərdab əhalisindən 132 nəfəri kor olmaqdan qurtarmışdır. “Əkinçi” qəzetinin nəşrində Həsən bəylə çiyin-çiyinə çalışan Hənifə xanım “Nicat” cəmiyyətinin qadın bölməsinin yaradıcılarından biri olmuşdur. Bu, Bakı xanımlarının ilk təşkilatı idi. Hənifə Məlikova-Zərdabin Azərbaycan ziyalı xanımlarının mənəvi anası hesab olunur.
Xədicə xanım Qayıbova muğam variasiyalarını ilk dəfə fortepianoda ifa edən qadın ziyalımızdır. Xədicə xanım həmçinin Bakıda ilk Türk Konservatoriyasının yaradıcısı olmuşdur. Onun təşəbbüsü ilə qadın müəllimləri hazırlamaq üçün “Qısamüddətli Şərq Musiqisi” kursları açılmış, uşaq xoru yaradılmışdır. Təəssüf ki, bu ziyalı xanım rus-sovet repressiyasının ilk qurbanlarından biri olub.
1906-cı ildə Qazağın Salahlı kəndində ilk qız məktəbinin yaradıcısı, görkəmli maarifçi Mədinə Qiyasbəyli olub.
Səkinə Axundzadə Azərbaycan qadınlarının içərisində ilk dəfə səhnə əsərləri yazmış, rus-müsəlman qız məktəbində dram dərnəyi yaradıb.
Görkəmli generalımız Ə. Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya birinci dünya müharibəsində yaralılara tibbi yardım göstərən qadın komitəsinin sədri olub.
1906-cı ildə Gəncə ilk dəfə Müsəlman Qadın Komitəsi qadınlar arasında xeyriyyə hərəkatı başladır. Bu xeyriyyə hərəkatında azsaylı savadlanan qadın qrupları ilə yanaşı neft milyonçularının xanımları və qızları da iştirak edirdi. Bu zəngin xanımlar evlərində ianə məclisləri, “bəyaz çobanyastığı”, “sinidə lentlər” aksiyaları keçirir, özləri kimi varlılardan pul yığıb qadınlar üçün məktəblər, savadsızlığın ləğvi məntəqələri açdırırdılar. “Bəyaz çobanyastığı” günlərində “Müqəddəs Nina” gimnaziyasının qızları rəmzi olaraq adi çobanyastıqlarını ağlasığmaz qiymətə alır, yığılan pulları müsəlman qızlarının təhsilinə verirdilər.
1910-cu ildə Sofiya Şaxtaxtinskayanın təşəbbüsü ilə Tiflisdə Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyəti yaradılır və bu cəmiyyətə Gövhər xanım Qacar sədr seçilir. Bundan başqa, 1910-cu ilin əvvəlində Tiflisdə Qafqaz Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyəti yaranır. Buraya dörd nəfər- Gövhər xanım Qacar, Nigar xanım Şıxlinskaya, Mədinə xanım Talışinskaya və Səltənət xanım Əhmədova cəmiyyətə daimi üzv seçilir.
Xalqımızın ən böyük xeyriyyəçi xanımlarından biri də Nabat Aşurbəyova olub. Bu xanım Balaxanski küçəsindəki ( indiki Füzuli 33) böyük evlərinin qapısını yoxsulların üzünə taybatay açıb. Eyni zamanda ölkəmiqyaslı xeyriyyəçilik aksiyalarının daimi iştirakçılarından idi. Sabunçuda məktəbin tikintisi, Bakı şollar su kəmərinin çəkilməsi, Tatarski küçəsində hamam tikintisi. Köhnə ehtişamını itirmiş “Təzə-Pir” məscidinin yenidən bərpasında Nabat xanımın böyük maliyyə dəstəyi olub.
İyirminci əsrin əvvəllərində qadınlar səslərini daha geniş kütləyə çatdırmaq üçün mətbuatın imkanlarından istifadə etməyə başladılar. 1903-1909- cu illərdə qadın problemlərini işıqlandıran mətbuat orqanlarına “Kaspi”, “Şərqi-Rus”, “İrşad”, “Açıq söz” qəzetləri, “Molla Nəsrəddin” və “ Füyuzat” jurnalı daxil idi. Bu mətbu orqanları ətrafında az da olsa ziyalı xanımlarımız toplaşmışdı. Hənifə Məlikova, Rübab Qasımova, Xədicə Əlibəyova, Səkinə Axundova və digər ziyalı qadınlar birləşərək “Nicat” maarif cəmiyyətinin qadın şöbəsini yaratdılar. Bu cəmiyyət təhsil almaq istəyən oğul və qızlarımıza kömək edirdi. Nəhayət, 1911-ci il, yanvarın 22-də Hacı Zeynalabdin Tağıyevin hamiliyi, Xədicə Əlibəyovanın redaktorluğu ilə qadınlarımızın qaranlıq həyatını aydınlandıracaq ilk qadın mətbu orqanı olan “ İşıq” yaradıldı. Bu mətbu orqanın nəşri 1912-ci ilin sonunadək davam etdi və bu müddət ərzində 68 sayı işıq üzü görüb.
“İşıq” qəzetinin nəşrində əsas məqsəd yazarlarının da qeyd etdiyi kimi azərbaycanlı qız və qadınları təhsilə cəlb etmək idi. Qəzetin səhifələrində qadınlara faydalı ola biləcək ən müxtəlif mövzulu məqalələr yer alırdı. Məsələn, qəzetin redaktoru Xədicə xanım “Vəzayefe-beytiyyə” başlıqlı məqalələrində ailə-məişət məsələlərinə müxtəlif mövqelərdən yanaşırdı. Xədicə xanım “Təbabətə dair” başlıqlı materiallarda həkim Əminə Batrişina ilə birgə işləyirdi. “Xaşxaş çayı” adlı müzakirədə Əminə xanım xaşxaş çayı içirsən analara başa salırdı ki, xaşxaş tiryəkdən alınır və uşaq orqanizmini normal inkişafdan geri salır. Eyni zamanda Xədicə xanım qəzetdə “Təzə dünyaya gələn uşağı necə bəsləməli”, “Süd əmək uşağa əmzik vermək”, “Boğaz ağrısı”, “Çiçək nədən hasil olur” mövzulu məqalələr yazırdı.
“Bacılarıma bir neçə söz” rubrikası altında Çayqıraqlı Həyat xanım “Qız xeylağının oxumaq nəyinə lazımdır, bir namaz surəsi bildi bəsdir” – deyənlərə qarşı çıxaraq bacılarını azad olmağa çağırırdı.
Əfsuslar olsun ki, qəzet bir ilin tamamında ömrünü başa vurdu. Qəzetin bağlanma səbəbi kimi maliyyə çətinliyi və abunə işinin yarıtmazlığı göstərilsə də, Xədicə xanımın bir yazısı diqqəti cəlb edir: “Ruhani atalarımızın bir neçəsi etiraz edib, qəzetimizi geri göndərdilər. Onlardan birisi də Bakıda minbərdən camaata: “Hər kim “İşıq” qəzeti oxusa kafirdir”, “Hər kimin evində “İşıq”qəzeti olsa, o ev murdardır”, – buyurub.
Sonda bu xeyirxah xanımlanların uca ruhları qarşısında hörmətlə baş əyir, fikirlərimi dahi şairimiz Hüseyn Cavidin misraları ilə yekunlaşdırıram:
Qadın gülərsə şu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!
Məleykə Ağasoy
Minval.info

