Ədalət Şükürov: “… avtosalonu həmin adama hədiyyə edəcəyəm”
“Onların hərəsinə 100 manat versəm, belə çıxır ki, bir günə 10 000 manat yardım etməliyəm”
Tanınmış müğənni, əməkdar artist Ədalət Şükürov “Yeni Müsavat” qəzetinə müsahibə verib.
Minval.İnfo xəbər verir ki, müğənni müsahibə zamanı maraqlı fikirlər səsləndirib. Oxucularımızın da diqqətini çəkəcəyini düşünüb, bəhs olunan müsahibənin bir hissəsini sizlərə təqdim edirik:
Bəzən şayiələr yayılır ki, Ədalət Şükürov bizneslə məşğul olduğundan sənətdən bir qədər aralı düşüb.
– Mən sizin qəzet vasitəsilə hər kəsə bildirmək istəyirəm ki, 10 ildir ki, Ədalət Şükürovun biznesi yoxdur. Niyəsə insanların beynində bu cür qalıb. Bəli, 10 il əvvəl bizim turizm şirkətimiz var idi, lakin onu bağladıq, aptekimiz var idi, onu da bağladıq. Hərdən mənə söhbət çatır ki, haradasa mənim avtosalonum və yaxud hansısa şirkətim var. Amma yoxdur. Əgər varsa, belə bir şey təsdiqini tapsa, 50/50-yə orada işləməyə hazıram (gülümsəyir). Siz də araşdırın, əgər doğrudan da elə bir biznesim varsa, həmin biznesimi ya onu deyən adama, ya da sizin qəzetə halal edəcəm (gülümsəyir).
– Biznesdə bəxtiniz gətirmədi, yoxsa?..
– Yox, gərək biznesdə səhərdən-axşamadək işləyəsən. Əgər o işdə olmadın, onda çətin onu axıra qədər apara bilərsən. Hazırda başqa biznesim yoxdur, olsaydı əla olardı.
– Yəqin ki, sizi biznesmen bilib, yardım istəyənlər də çoxdur.
– Təsəvvür edin, səhər “İnstagram”ı açıb oxuyursan, hamı eyni şey yazır. Hərdən elə gülməli şeyə pul istəyirlər ki, onlara başa sala bilmirik ki, biz incəsənət adamıyıq, hansısa xeyriyyə qurumunda deyilik ki, pul paylayaq. Bəzən düşünürlər ki, əgər bu müğənnidirsə, deməli, pulu çoxdur. Yox, elə deyil. Biz müğənnilər ilin 6 ayını işləyirik, 6 ay isə işləmirik. Bilirsiz ki, bunun Məhərrəmlik, Orucluq ayı var, mayı, avqusut var və sairə. Bilmirəm insanlarda hardan belə bir fikir formalaşıb ki, biz insanlara pul paylamalıyıq? Bu bizim işimiz deyil. Ola bilsin ki, kiməsə köməklik edə bilərik, amma onlardan əvvəl bizim qohumlarımız, ailəmiz, ondan əvvəl məcburi köçkünlərimiz var. Bunu da hər kəsə başa salmaq olmur. Mən yalnız xeyriyyəçi tədbirlərdə, konsertlərdə iştirak edə bilərəm. Yoxsa ki, hamıya pul paylayım, bu mənim işim deyil və buna ixtiyarım da yoxdur. Təsəvvür edin, gündə yüz adam mənə yazır. Onların hərəsinə 100 manat versəm, belə çıxır ki, bir günə 10 000 manat yardım etməliyəm. Bəzən insanlar buna görə bizdən inciyir. Biz müğənniyik, bizdən nə asılıdrsa edirik və bizə nəsə öyrətmək lazım deyil. Sizlərdən də əvvəl bizim problemlərimiz, nəslimiz var, hansı ki, sizdən də əvvəl onların ehtiyacı var.

