DÇ-2018: Serblər İsveçrə səddini aşa bilmədi

İyunun 22-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının XI gününün sonuncu oyununda “E” qrupunda yer alan Serbiya və İsveçrə milliləri qarşılaşıblar.
Minval.İnfo Virtualaz.org-a istinadən bildirir ki, “Kalininqrad Arena”da keçirilən görüşdə hesabı Serbiya yığması açıb. Dusan Tadiçin cinah ötürməsini Mitroviç dəqiq baş zərbəsi ilə tamamlayıb – 1:0. Hər iki komandanın cəhdlərinə baxmayaraq, birinci hissə Serbiya millisinin minimal hesablı (1:0) qələbəsi ilə başa çatıb.
Fasilədən sonra hücumların kəsərini artıran İsveçrə millisi 52-ci dəqiqədə hesabı bərabərləşdirib. Şakirinin başladığı hücumu Qranit Djaka uzaq məsafədən qüvvətli zərbə ilə tamamlayıb – 1:1.
Oyunda son nöqtəni yenə də isveçrəlilər qoyub. Komandanın əsas qol silahı olan Şerdan Şakiri qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb – 1:2.
Beləliklə, İsveçrə millisi fasiləyə məğlub durumda yollansa da, sonrakı hissədə vurduğu iki qolla 2:1 hesabı ilə qələbə qazanıb.
Mundialın “E” qrupuna hərəyə 4 xal toplayan Braziliya və İsveçrə yığmaları başçılıq edir, Serbiya yığması isə 3 xalla üçüncü yerdə qərarlaşıb.
Braziliya və Serbiya yığmalarına məğlub olan Kosta-Rika milllisi səkkizdəbir finala yüksəlmək şansını itirib.

