Deputat: “Qohum-əqrabanızdan və reketlik edənlərdən başqa heç kim dalınızca getmir”
“Eməni təxribatları və onları müdafiə edənlərin Azərbaycana total hücumları fonunda biz post müharibə dövrünün ən böyük sınaqlarından birindən uğurla çıxdıq. Xarici media çirkab yağdırdı, ayrı-ayrı dövlətlər beynəlxlaq hüquqa zidd bəyanatlar verdi. Nəticədə kimsə bizi haqq işimizdən geri çəkilməyə vadar edə bildimi? Yox. Son nəticədə İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində, əskərimizin döyüş ruhu nəticəsində Azərbaycan öz iradəsini yeritdi, Fərruxda nəzarət ələ alındı və hər kəs susdu”.
Musavat.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib. Deputat çıxışı zamanı bildirib ki, “İndi siz məqama baxın, ölkəyə qarşı xaricdən çoxsaylı informasiya təxribatları fonunda sabiqlərin şəxsi qisas zəminində qurduğu radikal dərnək olan Milli Şura qalxır ki, mən Ukraynaya dəstək mitinqi keçirəcəyəm. Xarici təzyiqlərin gücləndiyi bir vaxtda ölkənin daxilindən belə bir cəhdin məqsədi aydındır. Bunlar niyyəti sahiblərindən aldıqları tapşırığa uyğun olaraq paytaxtda qarışıqlıq yaratmaqla xarici təxribatlara daxildən dəstək verməkdir. Yəni bunların dərdi Ukrayna deyil, Ukraynaya real yardım etməyin çox yolları var. Mitinq ac ukraynalı uşaq üçün nə qədər səmərəli kömək üsulu ola bilər?”
B.Məhərrəmov daha sonra müxaliflərə xitab edib: “Yaxşı, indi siz mitinqi səmərəli çıxış yolu kimi görürsünüzsə, niyə bir dəfə müraciət etmirsiniz ki, biz Qərbin ikili standartları və erməni vəhşiliyinin ifşası üçün mitinq etmək istəyirik? Çox uzağa gemək lazım deyil, ötən həftə Fərruxda kütləvi məzarlıq aşkarlandı, ondan əvvəl Seyidəhmədlidə, ondan öncə Edillidə. Yaxud, minalanmış ərazilərin xəritəsini və kütləvi məzarlıqların koordintlarını gizlətdikləri üçün beynəlxalq təşkilatların diqqətini cəlb etmək üçün niyə hansısa bir aksiya cəhdində bulunmursuz? Avropada dəstə-dəstə gəzirsiz, elə 3-5 nəfər gedin Avropa Parlamentinin qarşısında bu məsələləri qaldırın da. Bütün günü eyni adam, eyni müsahib, internet kanallarda boş-boş danışır. Nə olar, bir saat söyüş söymə, əvəzində 4 min azərbaycanlının taleyini gündəmə gətir.
Danışanda da hamısının ağzınızdan xalq, millət, hüquq kəlmələri daşır, niyə bir dəfə trol ordunuzu belə məsələlərdə səfərbər etmirsiz? Edə bilmirsən, çünki ipin başqasının əlindədir. Elə ötən həftə də bunu gördük. 3-5 gündən bir bir qrup qadını feminist adı ilə təlimat verib ilə çıxarırsız küçəyə. Əgər, qadın hüquqlarından danışırsan, lap yaxşı, niyə o əllərində şuarlar küçəyə buraxdıqlarınız o plakatların birində yazmır ki, 267 qadınımızdan 30 ildir xəbər yoxdur. Bu da qadın hüququdur da. Bilirsiz, insanlar avam deyil ki, bütün bunları hamı başa düşür. Mən öz dairəmin timsalında deyirəm, qohum-əqrabanızdan və 3-5 demaqoq və yazı-pozu ilə reketlik edənlərdən başqa heç kim dalınızca getmir. İnsanların seçimi bəllidir. İndi iqtidarla düşmənsiz, bu başqa məsələ. Xalqın fikrinə niyə hörmətlə yanaşmırsız? Bu nə düşüncədi, xalqın fikriylə hesablaşmıram, amma xalqı idarə etmək istəyirəm. Bax, budur bunların demokratik düşüncəsi”.

