Deputatdan Elmar Vəliyev sui-qəsdi ilə bağlı açıqlama: “Bu, şərəfsizlikdir…”
“Yevlax sakinləri bu hadisədən hiddətləniblər. İnsanlar Yevlaxın quruculuğunda, abadlığında yaxından iştirak etmiş, möhtərəm prezidentimizin ən sadiq əsgəri olan Elmar Vəliyevə tuşlanmış bu gülləni özlərinə və dövlətə qarşı şərəfsizlik kimi qiymətləndirirlər”.
Bu sözləri Modern.az saytına Milli Məclisə 48 saylı Yevlax seçki dairəsindən deputatı İlham Məmmədov Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə münasibət bildirərkən deyib.
“Ölkəni, dövləti, prezidentimizin fəaliyyətini istəməyən və kənardan maliyyələşən, əhali arasında çaşqınlıq yaratmaq istəyən bəzi şərəfsizlər sosial şəbəkələrdə müxtəlif qüvvələrin sifarişi ilə həqiqətə uyğun olmayan yazılar yazırlar. Bilirsiniz, mən Elmar Vəliyevi, onun ailəsini, nəslini çox yaxşı tanıyıram. O, əsl azəri oğludur. Ulu babaları qədim İrəvan torpağında çox hörmətli insanlar olub. Bu gün Elmar Vəliyevin ailəsi, qardaşları dövlərimizin qulluğunda və keşiyindədirlər. Belə bir insanı xarakterizə edərək, ondan mənfi obraz yaratmaq istəyən qüvvələrə qarşı insan söz tapa bilmir. Son vaxtlarda bəzi KİV-lər dövlət məmurlarını, icra başçılarını düşmən obrazında təqdim etmək istəyirlər. Sanki bunların hamısını məhv etmək lazımdır. Belə bir çağırışlar edirlər. Hesab edirəm ki, bu fikirdə olanlar xarici qüvvələr tərəfindən idarə olunurlar”.
İlham Məmmədov deyib ki, o, hazırda Yeni Azərbaycan Partiyasının Yevlaxdakı qərargahında ictimaiyyət nümayəndələrinin məlum hadisə ilə bağlı axınına şahidlik edir:
“İnsanlar partiyamızın qərargahına gəlib Elmar Vəliyevə qarşı törədilən sui-qəsd hadisəsinə etirazlarını bildirirlər. İnsanlar həm də ona görə hiddətlənir ki, bu cinayəti törədən Yunis Səfərov bəzi KİV-lrədə bir “qəhrəman” obrazına çevrilib. Onlar sanki bu cinayətkardan Robin Qud yaratmaq istəyirlər. Həmin şəxs cinayət törədib və dövlətimizin qanunlarına uyğun olaraq cəzasını da alacaq. Ancaq bu cinayətkarı “qəhrəman”a çevirmək insana utanc gətirən bir şeydir. Bizim milli qürürumuz, qəhrəmanımız olan Mübariz İbrahimovla həmin cinayətkarı eyniləşdirmək insanı çox ağrıdır. Həmçinin, bəzi KİV-lərdə guya Gəncədə insanlara dini baxışlar üzərində təzyiqlərin olması barədə məlumatlar yayılıb. Bu düzgün informasiya deyil. Cənab prezident insanların dini etiqad azadlığını rahat həyata keçirməsi üçün tarixi “İmamzadə” kompleksinin bərpası üçün kifayət qədər vəsait ayırıb. Bu gün Gəncədə dövlətin yanında olan insanlara şəraitin yaradılması göz qabağındadır. Bu gün respublikamızın hər yerində olduğu kimi, Gəncədə də “Dini etiqad azadlığı haqqında” Qanundan irəli gələn tələblər yerinə yetirilir. Bunu gəncəlilərin özləri də etiraf edirlər”.
Minval.info

