DİN: “Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı ekspertiza təyin olunub”
Bakıda polis dönərdən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə Minval.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub. Hazırda Nəsimi Rayon Polis İdarəsində bununla bağlı araşdırmalar aparılır: “Dönərxananın fəaliyyəti dayandırılıb”.
Qeyd edək ki, hadisə ötən gün “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verib. Həmin ərazidə gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzinə müraciət edib. Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub.
Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələri davam etdirilir. Bir nəfər isə artıq evə buraxılıb.

