“Diqlas”dakı yanğından zərərçəkənləri qəbul etmək üçün iki otaq ayrılacaq
“Diqlas” ticarət mərkəzində baş verən yanğın nəticəsində zərər görən ticarətçiləri ərazini tərk etmirlər.
Onlar Musavat.com-a bildiriblər ki, “Diqlas”da həmişə elektrik xətlərində problem olub: “Bunun da səbəbi odur ki, normadan artıq mağaza açmışdılar. Pilləkənin üstünü, koridoru, sanitar qovuşağının qarşısını belə kəsib mağaza etmişdilər. Ona görə də elektrik xətləri dözmürdü. Ticarətçilər özləri işıqları söndürməklə yanaşı, hər gün işdən sonra ticarət mərkəzinin işıqları ümumi xətdən ayrılırdı. Ancaq xətlər çox yüklənmişdi. Bunu da demək lazımdır”.
Ticarət mərkəzinin idarəçilərindən olan Rasim Məmmədov Musavat.com-a bildirib ki, günahkar kimdirsə məlum olacaq: “Hazırda işlərimizi görək. Elə mallar var ki, onlar yanmayıb. Baxıb onları seçmək lazımdır. Bu ticarət mərkəzi təmir olunacaq, insanların hamısı işlərinin başına qayıdacaqlar. Biz bu adamlardan qazanmışıq. Eyni zamanda işlərimizin hamısını qanuni şəkildə görmüşük. Bəzən deyirlər ki, filan qədər işıq pulu ödəmişik. Bəs biz də həmin pulları dövlətə ödəməsəydik elektrik verilerdi? İşlərin hamısı qanuni şəkildə görülüb. İcarə odur ki, biz ticarətçilərə xidmət göstəririk. Bir adam desin ki, biz Rasim müəllimdən narazıyıq. “Diqlas” haqqında mənfi fikir söyləyənlərin heç bura aidiyyəti yoxdur. Təxribat törədənlərin ticarətlə əlaqəsi yoxdur. Müəyyən qüvvələr var ki, buradakı vəziyyətdən istifadə edib, qarışıqlıq yaratmaq istəyirlər. Buna imkan vermək olmaz. Biz buradayıq və camaatın içərisindəyik. Sadəcə olaraq səbirli olun. Hazırda binanın içərisinə daxil olmaq təhlükəlidir. Ona görə də indi içəri keçmək olmaz. Dünən burada təxribat oldu. Mənim telefonumu da qırdılar. Çalışaq hər şeyi sakit qaydada, səbirlə edək”.
Onu da qeyd edək ki, “Diqlas” ticarət mərkəzində baş verən yanğın nəticəsində ticarətçiləri dəyən zərərin bu gündən hesablanması nəzərdə tutulub. Bununla bağlı ticarətçilərə az öncə məlumat verilib. Bildirilib ki, ticarətçiləri qəbul etmək üçün iki otaq ayrılıb. Həmin otaqlarda müstəntiq və yaradılan komissiyanın nümayəndəsi zərərçəkənləri qəbul edəcək:
“Bizə dedilər ki, prezident qərar verib. Bütün zərərlərlər qarşılanacaq”,-deyə zərərçəkənlər bildirib.

