Dubay əmirinin arvadı Londondadır – Qaçırılmaqdan qorxur, rəsmi London isə susur
Dubay əmiri şeyx Məhəmməd ibn Rəşid əl Məktumun Dubaydan qaçan həyat yoldaşı, şahzadə Hayanın Londonda gizləndiyi ortaya çıxıb. Musavat.com. dünya mediasına istinadən xəbər verir ki, şahzadə Haya qaçırılaraq Dubaya geri qaytarılmaqdan narahatlıq keçirir.
Şahzadə Haya keçən aylarda Dubaydan qaçmış və Almaniyaya gedərək sığınmaq istəmişdi. Onun hazırda Londonun mərkəzindəki Kensington Palace Gardens bölgəsində təxminən 107 milyon dollar dəyərindəki bir evdə yaşadığı bildirilir.
“Guardian” qəzeti cütlüyün ayrıldığının təxmin edildiyini və şahzadə Hayanın Dubaydan çıxmasının ardınca Ali Məhkəmədə bir məhkəmə işinin başlandığını yazır.
İordaniyada dünyaya gələn, İngiltərədə təhsil almış 45 yaşlı şahzadə Haya 2004-cü ildə Şeyx Məhəmməd ibn Rəşid əl Məktumla evlənərək, əmirin 6-cı arvadı olmuşdu.
69 yaşlı Dubay əmiri Şeyx Məhəmmədin fərqli qadınlardan 23 uşağı olduğu bildirilir.
Şahzadə niyə qaçdı?
BBC-in müxbiri Frenk Qardnerin şahzadəyə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, şahzadə Haya Şeyx Məhəmmədin qızlarından olan şahzadə Şeyxa Lətifənin keçən il qaçmağa çalışnasından sonra Dubaya geri qaytarılması ilə bağlı “narahatedici məlumatlar” əldə etdikdən sonra Dubaydan gedib.

Şahzadə Lətifə keçən il Birləşmiş Ərəb Əmirliklərindən dəniz vasitəsilə qaçmağa çalışıb, qayıq Hindistana yaxınlaşan zaman silahlı insanların basqınına məruz qalıb və Lətifə Dubaya geri qaytarılıb. Şahzadə Haya həmin vaxt rəsmi Dubaya haqq qazandıracaq açıqlamala vermişdi. Dubaylı məmurlar isə şahzadə Lətifənin qaçışını “pis məqsədlər üçün istifadəyə münasib” adlandırmış, onun Dubayda təhlükəsizlikdə olduğunu açıqlamışdılar.
Amma insan haqları müdafiəçiləri Lətifənin öz iradəsinə zidd şəkildə qaçırıldığını deyir. Şahzadə Hayaya yaxın mənbələr onun da qaçırılmaqdan və Dubaya geri qaytarılmaqdan qorxduğunu deyirlər. Londondakı Birləşmiş Ərəb Əmirlikləri səfirliyi məsələnin “iki nəfər arasında yaşanan şəxsi bir mövzu” olduğunu deyərək, açıqlama verməkdən imtina edib.

Ancaq hadisənin İngiltərə və BƏƏ arasında bir diplomatik problemə çevrilməsi ehtimalı qüvvədədir. Oksford Universitetinin məzunu şahzadə Hayanın İngiltərədə qalmaq istəyəcəyi təxmin edilir. Nəzərə almaq lazımdır ki, əmir Məhəmməd ibn Rəşid əl Məktum İngiltərədən şahzadə Hayanı geri qaytarmasını istəsə, bu, BƏƏ ilə yaxın münasibətləri olan İngiltərə üçün problem yarada bilər. Amma bu ehtimala qarşılıq olaraq, şahzadə Haya da İngiltərədə Ali Məhkəmə instansiyasına müraciət edəcək.
Bundan başqa, İngiltərədə bir yarış atları ferması olan Şeyx Məhəmməd İngiltərədəki məşhur Ascot at yarışlarında tez-tez Kraliça II Yelizaveta ilə söhbət edərkən görüntülənirdi. Bu isə onların səmimi münasibətləri olmasından xəbər verir.
Hadisənin digər bir beynəlxalq tərəfi isə İordaniyadır. Şahzadə Haya İordaniya kralı Abdullahın ögey bacısıdır. Bundan başqa, BƏƏ-də təxminən 250 min irodaniyalı işçi var. Bu işçilər BƏƏ-də qazandıqları pulları ölkələrinə geri göndərirlər.
BBC müxbiri Frenk Qardnerə görə, bu münasibətlər göz önünə gətiriləndə İordaniya ilə Dubayla arasında bir gərginlik yaranmasını istəməz.
Əl Məktumun bir neçə gün bundan öncə İnstaqram hesabından, müəllifi olduğu bir şeiri paylaşması, həmin şeirdə bir qadının “xəyanətinə uğraması” mənasına gələn misraların yer alması da Hayanın qaçışına bir işarə kimi qeyd edilir.
musavat.com

