Dünya içməli su problemi ilə üz-üzə
“Qəddafi Amerikanın su siyasətinin qurbanı oldu” – ekoloqdan şok açıqlama
Su həyat mənbəyidir. Sürətlə inkişaf edən texniki proseslərin, sənaye tullantılarının nəinki yerüstü, həm də yeraltı su mənbələrini kimyəvi çirklənməyə məruz qoyduğu bir zamanda bu deyimin əhəmiyyətini daha aydın başa düşürük.
İçməli su insana verilən ən qiymətli nemətdir. Amma unutmaq olmaz ki, hər şeyin sonu olduğu kimi su ehtiyatı da tükənə bilər.
Bu gün təbii ehtiyatların qorunması və balanslaşdırılmış istifadəsi üçün güclü ictimai nəzarətə ehtiyac var. Azərbaycanda su ehtiyatının məhdud olduğu bir zamanda bu ehtiyatlardan səmərəli istifadə, əldə olunan suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ölkəmizin hər bir sakini üçün ciddi əhəmiyyət kəsb etməlidir.
İddialara görə, bütün dünyada içməli su problemi yaranır və bu, illər sonra kritik duruma çatacaq. İçməli su ehtiyatının tükənməsini sürətləndirən müxtəlif faktorlar var. Onlardan biri də iqlim dəyişikliyidir.
Tez-tez mətbuatda güclü daşqınlar, su basmalar, səhralaşma, hava şəraitinin fəslə uyğunsuzluğu barədə xəbərlər yer alır. Bütün bunların mərkəzində iqlim dəyişikliyi dayanır.
Bəs Azərbaycanda bununla bağlı vəziyyət necədir?
Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən ekoloq Telman Zeynalov bildirib ki, iqlim dəyişikliyi zəmanəmizin yeni bəlası deyil. Bu proses illərdir ki, davam edir: “Təəssüf ki, bu proses ölkəmizdə də davam etməkdədir. İqlim dəyişikliyi ən çox quraqlığa səbəb olur. Lakin dövlətin uğurlu siyasəti nəticəsində bu çətinliyin altından qalxa bilirik. Bununla bağlı cənab prezident iki il bundan qabaq kənd təsərrüfatını inkişaf etdirməklə əlaqədar artezian quyularının qazılması ilə bağlı sərəncam verib. Bu o deməkdir ki, kanallar çəkildikcə torpaq nəmlənəcək və quraqlıq da ona təsir etməyəcək. Ondan savayı da ölkə ərazisində yaşıllaşdırma işi həyata keçirilir. Bunun da biz öz müsbət təsirlərini görəcəyik”.
Ölkəmizdə içməli su ehtiyatının ölkəmizdə də tükənməsi ilə bağlı mətbuatda yer alan xəbərlərin yanlış olduğunu bildirən ekoloq uzaq gələcəyə qədər Azərbaycanda bu halın yaşanmayacağını bildirib: “Ölkəmizdə 8347 çay var. Onların demək olar ki, yarısı qurudur. Həmin çaylarda yay və qış aylarında quraqlıq olur. Qalan vaxtlar su əmələ gəlir. Bu onu göstərir ki, bizim bərəkətli torpağımızda nə qədər istəsəniz su var”.

Tullantıların və yağıntıların miqadarının az olması səbəbində ölkə ərazisində çaylarda su qıtlığının yaranma ehtimalı olduğunu qeyd edən Telman Zeynalov çıxış yolu kimi Yerin tərkində artezian quyularının qazılmasını göstərdi: “Bu balansı qorumaq üçün ölkəmiz yetəri qədər silaha malikdir. Yəni insanlarımız bundan qorxmasın. Amma onu da unutmasınlar ki, sudan maksimum dərəcədə səmərəli istifadə olunmalıdır. Kənd yerlərində belə bir adət var: Suyu açıq qoyurlar, axır gedir. Belə də olmaz. Bu cür halların qarşısını almaq üçün suya limit qoyulur. Sizə bir məsələni də deyim. Su qıtlığı bəzən təbii proses nəticəsində yaranmır. Böyük güclərin kiçik dövlətlər üzərindəki çirkin siyasi və iqtisadi siyasətinin nəticəsində də yaranır. Məsələn, Qəddafi Amerikanın su siyasətinə etiraz etdi. Amerikalılar onlara dedi ki, sizdə su qıtlığı yaranıb, gəlin, biz burada dəniz suyunu şirinləşdirən su təmizləyici atom zavodu tikək. Qəddafi də buna etiraz etdi və onun torpağında əhaliyə yetəcək qədər su ehtiyatlarının olduğunu bildirdi. Bunun nəticəsində də qətl edildi. Digər bir belə hadisə də bu yaxınlarda Rusiyanın başına gəlib. Rusiya keçən il taxılla əlaqədar dünyada birinci yeri tutub. Ondan sonra Rusiyada daşqınlar baş verdi. Ölkəyə külli miqdarda ziyan dəydi. Artıq ölkədə məhsul sıfıra bərabərdir. Bunlar hamısı böyük qüvvələrin siyasi oyunlarıdır. Dünyada idarəni ələ almaq üçün yetəri qədər eko-silahlar var”.

