Dünyanın ilk nəhəng ticarət mərkəzi necə həbsxanaya çevrildi? – FOTOLAR
Venesuelanın paytaxtı Karakas şəhərində yerləşən və 25 hektar ərazini əhatə edən “El Helicoide de la Roca Tarpeya” dünyanın ilk ticarət mərkəzidir. Birinciliyinin xüsusi tərəfi isə burada avtomobil xidməti və rahat park sisteminin mövcudluğudur.
Hazırda bina ticarət məkrəzi deyil, həbsxana kimi istifadə olunur. Deyilənə görə, cəzaçəkmə müəssisəsində əsasən siyasi məhbuslar saxlanılır. Hətta məhkumların bəzilərinin dediklərinə inansaq, bura siyasi məhbuslar üçün işgəncə mərkəzi də hesab oluna bilər.
Bəs, böyük ticarət məkrəzi birdən-birə necə və niyə həbsxanaya çevrildi?
Kosmik gəmi formasında olan binanın inşasına 1956-cı ildə başlanılıb. O vaxtları Venesuelanın dövlət neft şirkəti II Dünya Müharibəsi müttəfiqlərinin neft tədarükçüsü olduğu üçün böyük qazanclar əldə edirdi. Hökümət buradan gələn pullarla “Helicoide”ni inşa etməyə qərar verir.
İkitərəfli bir magistral yolun üzərində inşa edilmiş ticarət mərkəzi 320 mağazaya, iki böyük liftə, maşınların rahat hərəkət etmək üçün zolağa, avtomobil sərgilərinə, yanacaq doldurma məntəqəsinə, təmirxanaya və avtoyuyucuya sahib idi. Əlbəttə ki, bu nəhəng mərkəzdə sərgi salonları, idman zalı, hovuz, böyük sinema və boulinq salonu da var idi.
Ancaq bu layihə 1958-ci ildə Perez Jimenezin diktatorluğunun çökməsi ilə ləğv edilir. İnşasının bitməsinə sadəcə bir il qalan layihənin ləğvi ölkədə uzunmüddətli böhranın başlamasına səbəb oldu.
1975-ci ildə dövlətin nəzarətinə keçən tikilinin ekoloji mərkəz və ya muzey olması ilə bağlı təkliflər irəli sürülür. 1979-cu ildən 1982-ci ilə kimi daşqınlar səbəbilə evsiz qalan sakinlərin sığınacağı olub. 1984-cü ildə Bolivar Milli Kəşfiyyat Xidməti kimi tanınan Venesuela polis təşkilatı bu binaya köçərək, buranı siyasi məhbuslar üçün həbsxanaya çevirdi.
Aparılan araşdırmalar zamanı həbsxanada siyasi məhbuslara həqiqətən işgəncə verildiyi məlum olub. Belə ki, yerli bir QHT tərəfindən hazırlanan hesabatda 2014-2016-cı illər arasında 145 işgəncə və məhbuslara qarşı insanlığa zidd hərəkətlər edildiyi qeyd olunub. Hazırda “Helicoide”də hökümətə müxalif olan tələbələrlə birlikdə ən az 340 məhbus saxlanılır.
Primetime.Az









