Dünyanın ən bərbad oteli – Hər kəs burada gecələmək istəyir – FOTOLAR
Müştəri qazanmaq üçün şikətlər, əsasən, “ən yaxşısı bizik”, “ən keyfiyyətli məhsulu biz təklif edirik” kimi ismarışlar verirlər.
Ancaq Hollandiyanın paytaxtı Amsterdamda yerləşən bir otel var ki, özünü “dünyanın ən pis oteli” adlandırır və bununla fəxr edir.
Minval.İnfo xəbər verir ki, “Hans Brinker” otelinin sahibləri “bir işdə pis olacaqsansa, ən pisi ol” prinsipi ilə bərbad servis səviyyəsini, pis şəraitdə olan otaqlarını fürsətə çevirib, reklam kompaniyasında istifadə ediblər.
Müdir Rob Penris 1993-cü ildən işlətməyə başladığı oteldə müştəri şikayətlərindən boğaza yığılmışdı. Rejissor dostu Erik Kessel otelin lüks deyil, ucuz, normal şəraitli bir yer olduğunu göstərməyi məsləhət görür.
Penris müştərilərə qarşı dürüst olmağı, fərah otaqlara, böyük ekran televiziyalara, son texnologiya məhsulları ilə bəzənmiş mətbəxə sahib olmadığını açıq-açıq bəyan edən reklam posterləri hazırladı. Mehmanxanın şüarı da diqqət cəlb edir: “Burada bir oteldə görmək istəməyəcəyinizdən daha çox şey var”.
Otelin reklamında hər detal xüsusi düşünülüb. “New York Times”da çıxan “həddindən artıq təmizkar olmaq immuniteti zəiflədir” başlıqlı xəbəri belə öz xeyirləri üçün istifadə ediblər.
“Diqqət! Təmizlik xəstələri, dünyanı çox təmiz bir yer halına gətirirsiniz. Sizin immun sisteminiz təhlükədədir. Orqanizminizi zərərli bakteriyalara qarşı gücləndirmək üçün kirlə əlaqə yaratmalısınız. Bunun üçün “Hans Budget Hotel” iyrənc bakteriyalara ev olmaqla fəxr edir. Sadəcə bir gecə burada qalmaq immun sisteminizi gücləndirər. Gecikmədən, otelimizi ziyarət edin!”
Mehmanxana müxtəlif servislər də təklif edir:
Soldan sağa: “Artıq daha səs-küylü”, “Artıq daha az xidmət”, “Artıq qapıların qarşısında daha çox it nəcisi”, “Artıq hər otaqda bir qapı”, “Artıq daha çox pəncərəsiz otaq”, “Artıq otaqla birlikdə pulsuz qapı açarı”.
Bu elanlardan sonra küçədəki hər it nəcisinin üstünə “Bundan sonra otelimizin qapısında bunları görə bilərsiniz” yazılı kiçik bayraqlar yerləşdirildi.
Otel sahibləri pis xidmət səviyyəsinə görə üzr istəsələr də, üzrləri qəbahətlərindən daha böyükdür:
Soldan sağa: “Əşyalarınızı mükəmməl şəkildə itirdiyimiz üçün üzr istəyirik”, “Şikayətlərinizə məhəl qoymadığımız üçün üzr itəyirik”, “Sizi çox narahat etdiyimiz üçün üzr istəyirik”, “Sizi daha yaxşı qarşılamadığımız üçün üzr istəyirik”.
Bütün bu elanlardan sonra nəticə gözləniləndən də yaxşı oldu. Bütün Avropada məşhurlaşan bu mehmanxanaya gələnlərin sayı çoxaldı, əvvəlcə otelin 35 faizi dolu olurdusa, artıq bu göstərici 80 faizə yüksəlib. Hətta digər aşağı büdcəli otellərdən baha olmasına baxmayaraq müştərilərinin sayı gündən-günə çoxalır.
Dəniz
Minval.İnfo



















