Düz bağırsağında Azərbaycana narkotik gətirən: “Rentgendən keçəndə məlum oldu ki, yenə qalıb”
47 yaşlı Rövşən Məmmədov İrandan Azərbaycana narkotik gətirərkən yaxalanıb. O, narkotiki düz bağırsağında gətirirmiş.
Bizimyol.info xəbər verir ki, R.Məmmədov bu barədə iyulun 25-də məhkəmədə danışıb. Əvvəlcə prokuror ittihamı elan edib. İttihamda yazılıb ki, R.Məmmədov heroin və tiryək bükümlərini düz bağırsağına yerləşdirib. O, İrandan Azərbaycana keçən zaman gömrük əməkdaşları onu saxlayıb.
O, Cinayət Məcəlləsinin 234.4.1 (narkotik əldə etmə, saxlama qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 234.4.3 (külli miqdarda törədildikdə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham edilir.
İki övladı olan R.Məmmədov özünü təqsirli bilib. Deyib ki, onu bu işə həmyerlisi Şəhruz məcbur edib. Onun sözlərinə görə, Şəhruz Cəlilabadda kafe işlədir. Həmin kafedə bir neçə dəfə çay içib. Beləcə, tanış olublar.
İrandan Azərbaycana satmaq üçün çay, qənd və digər məhsullar gətirdiyini deyən Rövşən bildirir ki, İrandakıları da Şəhruzun vasitəsilə tanıyıb.
R.Məmmədov etiraf edir ki, bükümləri düz bağırsağına özü yerləşdirib. Gömrükdə baxış keçirilən zaman onun düz bağırsağında olan bükümləri götürülüb. Daha sonra təcridxanaya aparılan Rövşən Məmmədovun düz bağırsağında hələ də narkotik qaldığı üzə çıxıb: “Həbsxanaya çatanda rentgendən keçirdilər, yenə narkotik qaldığı məlum oldu. Amma gömrükdə yoxlayıb, bükümləri götürəndən sonra demişdilər ki, qalmayıb”.
R.Məmmədov əməlindən peşman olduğunu bildirib.


