Efirdə qalmaqallı fikirlər: “Belə etmək lazımdır ki, qadın yolunu azmasın” – VİDEO
“Azadlıq hamının haqqıdır, heç kimi qəfəsdə saxlamaq olmaz. Ancaq düşünürəm ki, müəyyən çərçivə mütləq lazımdır”.
Minval.info xəbər verir ki, “Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində şair Elçin Lənbəranski belə deyib.
O, çıxışı zamanı qadınların azadlığı mövzusundan danışarkən qalmaqalla fikirlər bildirib:
“Qadın tayfası çox bildikcə, səhvlərə yol verir. Onlara müəyyən həddə sərbəstlik verilməlidir. Kişi ilə qadına eyni səviyyədə azad olmamalıdır. Məsələn, xanım həyat yoldaşının icazəsi olmadan istədiyi yerə getməməlidir, parklarda sülənməməlidir və s.”
Verilişə dəvət alan müğənni Cəmilə İsgəndərova başını tərpədərək şairin sözləri ilə razılaşdığını ifadə edib. Amma aparıcı ona şou-biznes nümayəndəsi olduğu halda bu fikirlərə müsbət reaksiya verməsini anlamadığını söyləyib.
E.Lənbəranski çıxışının davamında həyat yoldaşının heç bir sosial şəbəkədən istifadə etmədiyini qeyd edib:
“O, birinci mənim xüsusiyyətimi bildiyinə görə, belədir. İkincisi, həyat yoldaşıma icazə vermərəm. Mən onun sosial azadlığını əlindən almışam, çünki ictimai adam deyil, evdar xanımdır. Üzr istəyirəm, onu çox sevirəm, bir tərəfdən azadlığını kəsirəmsə, digər tərəfdən sevgi bəxş edirəm. Yoxsa icazə verim, xanımım “İnstagram”, “Facebook”, “Odnaklassnik” nə bilim, kef edir. Belə olmaz. Qadını müəyyən çərçivədə saxlamaq lazımdır ki, yolunu azmasın”.
Samir Mirzə


