Elçin solo karyeraya başladı: “Mahnılarımla pul qazanıb, adımı unudurlar”

“Müğənnilərlə bağlı şikayyətim var. Mahnı istədikləri zaman endirim də istəyirlər, edirəm! Söz verirlər ki, reklam edəcəklər.
Sonra möcüzəli şəkildə yadlarından çıxıram”- Bu sözləri bir çox hit mahnıların müəllifi, bəstəkar Elçin Məhərrəmov Minval.info-ya açıqlamasında deyib.
Sənətçinin sözlərinə görə, onun mahnı təqdim etdiyi ifaçılar vədlərinə əməl etmirlər:
“İş birliyi qurduğumuz zaman söz verirlər ki, efirlərdə, sosial şəbəkələrdə adımı çəkib, bəstəkarın mən olduğunu deyəcəklər. Lakin efirə çıxan kimi elə bil yaddaşlarını itirirlər. Mahnının müəllifini unudurlar…
Bütün yazarların ən böyük qazancı onun adının hallanmasıdır. Bu problemi mənimlə bərabər bir çox həmkarlarım yaşayır. İnsan həvəsdən düşür.
Uzun illərdir eyni məsələ ilə rastlaşıram. Mənim yazdığım mahnılarla uğur və yetərində məvacib qazanır, lakin ad çəkmədikləri üçün arxa planda qalıram”. E.Məhərrəmov bildirir ki, artıq müğənnilər üçün deyil, özü üçün çalışacaq. İstedadlı bəstəkar solo karyeraya başlayır: “Bəstəkarlıq, az da olsa tanınmağım 6-7 ilimi aldı. Amma düşünürəm ki, əsl sahəm olan ifaçılıqla fəaliyyət göstərsəydim, daha çox tanınardım. Bu səbəbdən son zamanlar mahnı yazmağı dayandırmışam. Allahın izni ilə artıq üzərimdə çalışıb, özüm üçün mahnılar yazacam. Çox az amma çox keyfiyyətli dinləyicilərim var. Onların illərdir gözlədiyini həyata keçirəcəm. Öz mahnılarımı özüm oxuyacağam. Hər kəsə sevgilər və sayğılar…”
Məlumat üçün bildirək ki, Elçin Könül Kərimova, Günay İbrahimli, Rəqsanə İsmayılova, Sevil-Sevinc, Şəbnəm Tovuzlu, Damla, Adil Karaca, Xatun, Nuray Məhərov, Zenfira İbrahimova və s., məşhurlar üçün hit mahnılar bəstələyib.
Nərminə Aydınqızı

