Ermənistan ASALA-nı dirildir: azərbaycanlılar və kəmərlər təhlükədə
Sülhəddin Əkbər: “Bu, həqiqətdirsə, erməni maraqlarına ciddi ziyan olacaq”; Elxan Şahinoğlu: “Məsələ araşdırılmalı, beynəlxalq təşkilatların qarşısında qaldırılmalıdır”
Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey bildirib ki, 1984-cü ildə ləğv edildiyi açıqlanan millətçi erməni terror təşkilatı ASALA Gürcüstanın Cavaxetiya bölgəsində “Virk-Yerkir” adı ilə yenidən qurulur. Göksel həmçinin vurğulayıb ki, Gürcüstanda yaşayan azərbaycanlıların həyatı təhlükədədir.
Erməni “kavkazplus” da terror təşkilatının Cavaxetiyada yenidən ortaya çıxdığını və bunun Ermənistanın dövlət siyasətindən qaynaqlandığını yazıb. Sayt yazıb ki, bu təşkilat erməni lobbisi öz hədəflərinə “sülh”lə nail ola bilməyəndə ortaya çıxır və qanlı metodlarını işə salır.
“Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər bildirib ki, əgər doğrudan da belə bir fakt varsa, qısa müddət sonra bu, daha ciddi mənbələrdən öz təsdiqini tapar: “Hələlik hansısa dövlət və ya xüsusi xidmət orqanı tərəfindən təsdiq yoxdur. Bu həqiqətdirsə hesab edirəm ki, erməni maraqlarına ciddi ziyan olacaq. Çünki dünyada terrorizmə birmənalı münasibətin formalaşdığı, bunun lənətləndiyi, terrora qarşı qlobal mübarizənin getdiyi bir zamanda, xüsusən regional layihələrin həyata keçirildiyi ərəfədə belə bir terror təşkilatının ortaya çıxması yəqin ki, adekvat reaksiya alacaq. Bu isə həm Azərbaycanın, həm də Türkiyə və Gürcüstanın əlini gücləndirəcək”.

Məsələyə siyasi yöndən yanaşan politoloq Elxan Şahinoğlu isə bildirdi ki, ASALA-nın fəaliyyətinin dayandırılmasının da səbəbi siyasi idi: “Gördülər ki, bu terror təşkilatının fəaliyyətinin davam etməsi onları çox böyük dövlətlərlə üz-üzə gətirə bilər. Ona görə də həmin təşkilatın fəaliyyətini tamamilə dayandırmasalar da müəyyən ara verdilər. Mən də o təhlükəni görürəm ki, terror təşkilatı istənilən an yenidən fəaliyyətə başlaya bilər. Düyməyə basılsa, terror törədərlər. Qarabağda gedən proseslər də onu göstərir ki, əslində təşkilat heç zaman fəaliyyətini dayandırmayıb. Vacib deyil ki, ASALA adı altında fəaliyyət göstərsinlər. Dağlıq Qarabağda xarici ölkələrdən ermənilər necə gətirib yerləşdirildi?

Bu da əslində Ermənistan hakimiyyəti ilə yanaşı həmin terror təşkilatının əməyinin nəticəsi idi. Ona görə də düşünürəm ki, təhlükə var və bunu önləmək üçün Gürcüstanla Azərbaycan bu istiqamətdə də əməkdaşlıq etməlidirlər. Çünki terror təhlükəsi təkcə Azərbaycan üçün deyil, həmdə Gürcüstan üçündür. Orada da ara-sıra Gürcüstanda yaşayan erməniləri guya müdafiə etmək adı ilə hansısa hücum əməliyyatlarını planlamaq üçün fəaliyyətə başlayırlar. Ona görə də iki dövlət bu məsələdə gərək koordinasiyalı fəaliyyət göstərsin. Məsələni həm də o mənada araşdırmaq lazımdır ki, təşkilat son illər sıralarını nə dərəcədə genişləndirib və hansı fəaliyyətləri aparıb. Adı son illər hallanmasa da təşkilat fəaliyyətdədir və üzləri də çox rahat şəkildə həm Ermənistan, həm də Qərb ölkələrində yaşayırlar. Əslində ağılları başlarında olsa Ermənistan gərək buna getməsin və iri layihələrə təhlükə yaratmasın. Çünki Qərbdən olan bütün dəstəklərdən məhrum ola bilərlər. Bilirik ki, erməni icmasının özü də məntiqdən kənar fəaliyyətlə məşğuldur. Biz Bakı-Tbilisi-Qars xəttinə təhlükə olmasını göz önünə almalıyıq. Çünki həmin dəmiryolu ermənilərin nəzarət etdikləri ərazilərdən də keçir. Ona görə bu xəbərləri diqqətdə saxlamaq lazımdır. Məsələlər yüksək səviyyədə araşdırılmalı, beynəlxalq təşkilatların qarşısında da qaldırılmalıdır. Ermənistanın yenidən terrorçularla bir sırada olduğunu gərək Qərbə anladaq”.


