“Ermənistan rəhbərliyi müharibədən qorxur” — Musa Qasımlı
Vyana görüşündə cənab Prezidentimiz İlham Əliyev ilk növbədə, Azərbaycan Respublikası dövlətinin və xalqının prinsipial, qətiyyətli, ədalətli və obyektiv mövqeyini bir daha təsdiq etdi.Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Onun sözlərinə görə, birincisi, işğalçı Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionundan və digər rayonlarından ordularını çıxarmalıdır, ondan sonra digər proseslər – humanitar və s. başlaya bilər.
“İkincisi, hərbi təcavüz nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsində qəbul edilmiş format dəyişdirilə bilməz. Məlum olduğu kimi, formatın dəyişdirilməsi Ermənistanın məsuliyyəti öz boyunundan atmaq, işğalı uzatmaq və qondarma rejimə legitimlik qazandırmaq məqsədi güdür. Belə cəhdlərin Ermənistan üçün fəlakətli nəticələri olar. Hərbi əməliyyatlar başlayarsa, Azərbaycan tərəfindən Ermənistan qısa müddətdə əzilər və ayaqlar altına atılar. Ən azı məşhur aprel döyüşlərinin nəticələri bunu artıq göstərib. Nəzərdən qaçırmayaq ki, ordumuz indi o vaxtdakından daha güclüdür. Azərbaycan Ordusundakı və cəmiyyətindəki mövcud mənəvi-psixoloji ruh da Ermənistandakından qat-qat üstündür. Üçüncüsü, Ermənistan diplomatiya və intellektual baxımdan da Azərbaycandan qat-qat geri qalır”, – deyə millət vəkili qeyd edib.
M.Qasımlı əlavə edib ki, BMT-nin və digər beynəlxalq təşkilatların sənədləri Azərbaycan dövlətinin mövqeyini möhkəmləndirir:
“Belə bir şəraitdə cəbhədə hər hansı əməliyyatların başlaması Nikol Paşinyan hakimiyyətinin sonu olar. Ona görə də Ermənistan rəhbərliyi müharibədən qorxur, sülhdən dəm vurur və danışıqlara tərəfdar olur. Bununla da manevr edir, özünün havadarı və ya havadarlarının vasitəsi ilə işğal nəticəsində zorla yaradılmış rejimi və status-kvonu saxlamağa, danışıqlar prosesini uzatmağa cəhdlər edir. Belə vəziyyət isə uzun müddət davam edə bilməz. Çünki Azərbaycan heç bir zaman ərazilərinin işğalı faktı ilə barışmayacaq və necə olursa-olsun onu azad edəcəkdir. Seçim Ermənistanındır. Hansı yol ona sərfəlidir: işğal edilmiş əraziləri dinc yola boşaltmaq, yoxsa vurulub çıxarılmaq?
Vyana görüşündə cənab Prezidentimizin mövqeyi Minsk qrupu həmsədrlərinə də açıq işarə oldu: ikili standartlardan əl çəkin, mandatınızı yerinə yetirin və münaqişənin dinc yolla həllinə real nəticələr verəcək səylər edin.
Bu görüş bir daha göstərdi ki, Azərbaycan Respublikası özünün prinsipial, ədalətli və obyektiv mövqeyindən imtina etməyəcəkdir”.

