Ermənistan üçtərəfli görüşdən niyə imtina etdi?- Qabil Hüseynlinin şərhi
Xəbər verdiyimiz kimi, Ermənistan bu gün Moskvada keçirilməsi planlaşdırılan Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirakdan imtina edib. Rəsmi İrəvan bu addımı Laçın dəhlizində azərbaycanlı ekoaktivistlərin aksiyası ilə əlaqədar atdığını bildirib.
Bəs Ermənistanın danışıqlardan yayınmaqda məqsədi nədir?
Məsələ ilə bağlı sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Bakupost.az -a açıqlama verib.
O qeyd edib ki, Ermənistan tərəfi sülhə razılıq verməsə, problemlər həllini tapmayacaq:
“Onların ürəklərinin dərin guşəsində arzular bəslənir. Bu arzuların heç biri real deyil. Amma onlar öz arzi və xəyallarını Qərb ölkələrinə, xüsusilə, Fransa və Rusiyaya qəbul etdirə bilirlər. Məsələ burasındadır ki, Ermənistan sülh müqaviləsi imzalanmadan yerdə qalan problemlərin, eləcə də Laçın dəhlizinin taleyini birmənalı həll etməyin mümkün olmayacağını başa düşməlidir. Ona görə də sülh müqaviləsi imzalamağa can atmalıdırlar. Azərbaycan da buna adekvat reaksiya göstərəcək”.
Politoloq Ermənistanın üçtərəfli görüşdən imtina etməsinin gözlənilən olduğunu bildirib:
“Ermənistan həmişə kimsə tərəfindən qəyyumluğa götürülməyə, kimlərdənsə məsləhət və tövsiyə almağa adət edib. Ona görə də onun bu hərəkətində qeyri-adi heç nə yoxdur. Görünür, ağaları onu bu yola itələyir”.

