ERP: “Biz Nikol Paşinyanın başçılıq etdiyi saxta hökumətə malikik”
“İnqilabdan bir il keçdikdən sonra biz Nikol Paşinyanın simasında hökumət başçısını deyil, inqilabi komitənin liderini gördük”. Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözlər müxalifətdəki Respublika partiyasının (ERP) liderlərindən Eduard Şarmazanov tərəfindən səsləndirilib.
Erməni siyasətçinin sözlərinə görə, indiki iqtidar və onun rəhbəri keçmiş hakimiyyətin müsbət nailiyyətlərini götürərək bununla tərəqqiyə nail olmağa çalışır.
“İlk vəd etdikləri iqtisadiyyatın düzəldilməsi idi. Lakin indi biz Paşinyanın timsalında saxtakar hökumət və onun yalan siyasəti ilə üz-üzəyik. Paşinyan hətta iqtisadiyyat üçün “sehrli çubuğa” malik olduğunu və inqilab gətirəcəyini deyirdi. Bütün bunlar blefdən başqa bir şey deyil. Çünki iqtisadiyyat inqilab deyil, bir inkişaf sistemidir. 2017-ci ildə ölkəyə 429 milyard dram (89 milyon dollar), 2018-ci ildə bu 422 milyard drama (87 milyon dollar) düşüb. İş yerləri kütləvi surətdə bağlandığı halda 4,9%-lik iqtisadi böyümə göstərilir, əslində möcud olmayan, lakin “yeni açılan 50 min iş yeri”ndən dəm vurulur. Yəni burada vəziyyət daha da bərbaddır, ölkəyə qoyulan sərmayələr isə azalıb. Ermənistanda indiki iqtidar üçün iqtisadiyyat gündəmi mövcud deyil,-deyə Şarmazanov bildirib.
Musavat.com

