Etirazçılar Ermənistan-Gürcüstan yolunu kəsib, Paşinyanı tələb etdilər
“Sağ sükan” təşəbbüs qrupunun üzvü olan 50-dən çox idxalçı Gürcüstan-Ermənistan sərhədindəki “Baqrataşen” keçid-buraxılış məntəqəsinə aparan Alaverdi-Noyemberyan avtomobil yolunu kəsib.
Musavat.com bununla bağlı erməni mətbuatına istinadən xəbər verir.
Məlumata görə, etirazçılar baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın əraziyə gəlməsini və onlarla görüş keçirməsini tələb ediblər. Aksiya iştirakçıları deyiblər ki, yalnız Paşinyan gələndən sonar onlar yolu açacaqlar.
Aksiyanın təşkilatçılarından biri “Avro Qarant” kompaniyasının direktoru Sarkis Sarkisyan bu barədə yerli mediaya açıqlama verib: “Biz Paşinyanla görüşü gözləyirik ki, sağdan idarə edilən avtomobillərin idxalı həll olunsun, hansı ki, bu məsələ havadan asılı qalıb”.
Niyə məhz bu avtomobil yolunu kəsmisiniz, sualına cavabında Sarkisyan deyib ki, Paşinyanın seçkiqabağı kampaniya çərçivəsində bu vilayətə gələcəyini güman edirlər.

