Etirazçılar Paşinyanın kortejini dayandırmağa çalışdılar – Video + Yenilənib
Ermənistanın Azərbaycanla həmsərhəd Sünik bölgəsinin bir qrup sakini Baş nazir Nikol Paşinyanın bölgəyə səfərinə mane olmağa çalışaraq etiraz mitinqi keçirirlər.
“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu gün səhər tezdən bir qrup Sünik sakini Paşinyanın kortejini dayandırmaq üçün “Sünik qapısı” adlanan bölgənin girişinə toplaşmaq üçün yola çıxıblar, lakin polis əməkdaşları onların yolunu kəsərək mane olub.
“Qərarımız Paşinyanın Sünikə girməsinə icazə verməmək üçün Sünik Qapısına çatmaqdır”,- deyə etirazçılardan biri qeyd edib.
Qeyd edək ki, daha əvvəl Paşinyan Sünik bölgəsinə – Mehri, Qafan, Gorus, Sisian şəhərlərinə səfər edəcəyini açıqlamışdı.
Bundan sonra isə Gorus şəhərinin meri Aruş Aruşanyan şəhər sakinlərini Baş nazir Nikol Paşinyanın Sünik bölgəsinə gəlişinə mane olmağa çağırmışdı.
***
Etiraz aksiyası keçirən Sünik bölgəsi sakinləri Ermənistan rəhbərliyindən Gorus yolunun açılması və şəhər meri Aruş Aruşyanın sərbəst buraxılmasını tələb edirlər.
Aksiyaya İrəvandan olan siyasi fəalların qatıldığı bildirilir. Aksiyada iştirak edən “Adekvad” partiyasının nümayəndəsi Baş nazir Nikol Paşinyanın bir daha heç vaxt ölkədə rahat gəzə bilməyəcəyini və bunun Sünik sakinlərinin ona göndərmək istədikləri əsas mesaj olduğunu bildirib.
“Burada məsələ onun Sünikə girib- girməməsində deyil. Əsas mesaj onun kimi xainin artıq Ermənistanda rahat gəzə bilməyəcəyini göstərməkdir. Yolları bağlayan adam hakimiyyətə gəldi və indi də onu təhlükəsizlik güclərindən istifadə edərək eyni şəkildə saxlamaq istəyir”,- deyə partiya nümayəndəsi qeyd edib
Etirazçılara Dövlət Milli Təhlükəsizlik Departamentinin keçmiş rəhbəri, Ermənistan Prezidentinin Qarabağ məsələsi üzrə keçmiş xüsusi nümayəndəsi David Şahnazaryan da qoşulub.

