“Evdən qaçan uşaq sevgisini göstərə bilməyən, cəzalar verən ana və atanın əsəridir…”
“Uşaq zehnində inkişaf etdirdiyi, xəyalını qurduğu məcaraya doğru qaçmaq istəyər. Evdən qaçan uşaq küçədə başına nələr gələcəyini düşünməz”
Bunu Moderator.az-a açıqlamasında tanınmış diktor, Əməkdar artist Nailə İslamzadə son zamanlar evdən qaçan gənclərimiz haqda danışarkən deyib. N.İslamzadə bildirib ki, şəhər həyatı buna əsas ola bilməz:
“Bu problemə birmənalı yanaşmaq olmur. Düzdür şəhərin verdiyi üstünlüklər çoxdur. Şəhərdə əyləncə mərkzləri, kino, teatr, universitetlər, daha böyük idman və gözəllik salonları, daha böyük parklar və s. var. Yəni şəhər daha geniş və modern imkanlar verə bilər. Amma indi regionlarımız o qədər inkişaf edib ki, sadaladığım faktorların rolu azalıb. Qızların və ya oğlanların evdən qaçma səbəbi yalnız şəhərin verdiyi üstünlük ola bilməz. Burada əsas problem ailə içi problemlər və ailə fərdləri arasında ünsiyyətin doğru qurulmaması, nəsillərin bir-birini anlamaması, avtoritar və ya zəif ailə başçısının olmasıdır. Ailə insanlara ilk duyğusal dərs verən bir məktəbdir. Həyata qarşı olan güvənimizi və güvənsizliyimizi kiçik yaşlarımızdan ailə içində öyrənirik. Bir çox ailələr, xüsusən də uşaqları yeniyetməlik yaşına çatanda görürlər ki, övladları ilə ünsiyyət problemi var. Valideynlər bunun xarici faktorlardan qaynaqlandığını düşünərək, məsələnin həllini yanlış yerdə axtarmağa çalışırlar. Əslində isə ünsiyyət qurmağı və ya qurmamağı da uşaqlar ailədə öyrənirlər. Valideyn uşağı yeri gəldi -gəlmədi tənqid edir, onları utandırır, özlərini günah işlətmiş kimi hiss etirirlər. Çoxları guya ki, yad təsirlərdən qorumaq üçün uşaqları qapalı saxlayır və s. Bax bütün problemlər də bu zaman başlayır.
Mən dostların, tv programlarının, məktəbin rolunu azaltmaq istəmirəm, amma evdən kənarda nə olursa olsun, bir ananın və atanın davamlı və tutarlı şəkildə söylədiyi sözlərin və doğru qurduğu ünsiyyətin önünə heç nə keçə bilməz. Bax ən çətin olanı da budur: övlad ilə doğru ünsiyyət qurmaq!
Xüsusən də ana ilə bala arasında mənəvi bir bağ olmalıdı. Ünsiyyət bir tərəfli olmamalıdı. Uşaqları da dinləməyi bacarmalıyıq. Çox vaxt valideyin uşaqdan istədiyi cavabı almağa köklənərək uşağının nə hiss etdiyini anlamır. Anlaşılmadığını düşünən uşaqlar evdən, valideyndən qaçmağa can atarlar. Uşaq zehnində inkişaf etdirdiyi, xəyalını qurduğu məcaraya doğru qaçmaq istəyər. Evdən qaçan uşaq küçədə başına nələr gələcəyini düşünməz. Düşünürəm ki, çox vaxt evdən qaçan uşaq, xüsusən də yeniyetmə çağında, anlayışsız, sevgisini göstərə bilməyən, aşırı cəzalar verən ana və atanın əsəridir”.

