Fəhlənin yanaraq ölməsinə görə cinayət işi açıldı
Abşeronda fəhlənin ölümü ilə bağlı araşdırma başlanılıb. Baş Prokurorluqdan Minval.info-ya verilən məlumata görə, Saray qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sen İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləyən, 1964-cü il təvəllüdlü Qurbanov Ağaməli Mirzəbala oğlu həmin müəssisənin həyətyanı sahəsində istismar müddəti bitmiş yük avtomobilinin yanacaq çənini qaz kəsici alətlə kəsərkən yanacaq məhlulunun üzərinə tökülməsi nəticəsində yanıq xəsarətləri alaraq Bakı şəhəri 5 nömrəli xəstəxanaya yerləşdirilmiş və iyulun 26-da orada vəfat edib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

