Müsəlmanlara ədalət istəyən amerikalı: Buldozerlə üstündən keçdilər… – FOTOLAR
Bu gün İsrailin Fələstin xalqına qarşı zülmünə etiraz edərkən həlak olan amerikalı Rachel Corrienin ölüm günüdür.
Minval.info xəbər verir ki, R.Corrie sülh uğrunda mübarizə aparan aktivist qadın olub. O, Refah şəhərində İsrail Silahlı Qüvvələrinə məxsus buldozerlə öldürülüb. Ağır texnika onun üstündən keçib və aktivist faciəvi şəkildə həlak olub.
Rachel Corrie 10 aprel 1979-cu ildə ABŞ-ın Vaşinqton ştatında dünyaya gəlib. O, ailənin sonbeşiyi olub. Rachel orta məktəbi bitirdikdən sonra “Evergreen” Dövlət Üniversitetində təhsilini davam etdirib. O, burada sülhü təbliğ edən təşkilata üzv olub. Corrie daha sonra İsrailin Fələstində apardığı siyasətə qarşı çıxan Beynəlxalq Həmrəylik Hərəkatına qoşulub.
Aktivist qadın bunun ardınca İsrailə səfər edib və oradan da Refah şəhərinə yollanıb.
Refah şəhərində 16 mart 2003-cü ildə İsrailə məxsus buldozerlər yaşayış evlərini yıxmağa başlayıb. Rachel Corrie hərakatın üzvləri ilə birgə buna qarşı çıxamağa çalışıb. Lakin bu, aktivistin həyatı bahasına başa gəlib. 3 saatlıq nümayişdən sonra ağır texnikanı idarə edən əsgər buldozeri onun üzərinə sürüb və iki dəfə üstündən keçib. Corrienin kəllə sümüyü, qabırğaları sınıb və ağ ciyərləri parçalanıb. Nəticədə o, həyatını itirib.
Hadisənin şahidləri ağır texnikanın İsrail əsgəri tərəfindən idarə edildiyini və bilərəkdən aktivist qadını öldürdüyünü söyləyib. Lakin İsrail höküməti baş verənlərin sadəcə qəza olduğunu iddia edirlər. Səlahiyyətlilər buldozer operatorunun qadını görmədiyini və bunun bədbəxt hadisə olduğunu deyiblər.
2005-ci ildə Rachel Corrienin ailəsi onun ölümü ilə əlaqədar məhkəməyə müraciət edərək İsrail dövlətinə qarşı iddia qaldırıb. Onlar baş verənlərin ətraflı araşdırılmasını tələb edib və aktivist qadının qəsdən öldürüldüyünü irəli sürüb. Rachelin ailəsi qarşı tərəfdən simvolik olaraq 1 dollar təzminat ödənməsini istəyib. Onlar bununla sadəcə Corrienə və aktivistin uğrunda mübarizə apardığı Fələstinə ədalət istədiklərini göstərməyə çalışıblar. Lakin İsrail məhkəməsi 2012-ci ildə ailənin tələbini rədd edib və hökumətin bu işdə məsuliyyəti olmadığı barədə hökm çıxarıb.
Samir Mirzə







