Faiq Ağayev qəzəbləndi – “Ziyalılar susur, millət vəkilləri susur…”
“Cəmiyyət olaraq hamımızın kəskin etirazına yol açan bir sıra olayların səbəbi, tərbiyyəsizliyə qarşı ictimai qınağın olmamasıdır”.
Minval.İnfo xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev deyib. Xalq artisti yazıçı Çingiz Abdullayevin kitablarının yandırılmasına kəskin etirazını bildirib:
“Ziyalılar susur, vicdanlı, namuslu vətəndaşlarımız susur, din xadimləri, dövlət məmurları, millət vəkilləri belə susur. Kitab yandırmaq axmaqlıqdır. Hansı mağara düşüncəsi sahibləri bunu həyasızcasına həyata keçirmək cəhdindədir? Niyə göz yumub, yan keçirik bu vandalizm, barbarlıq, vəhşilik nümunəsindən? Tarixin hansı kəsiyində bu tərz axmaqlıq xeyir gətirib ki. “Əşi, nə işimə?” deyib, rahatcasına əhəmiyyətsizlik nümayiş edək?”
Faiq Ağayev qeyd edib ki, Çingiz Abdullayev bu məmləkətə namusla xidmət edən böyük şəxsiyyətdir:
“Ona qarşı törədilən bu çirkin əməllər mənəviyyatımıza, mədəniyyətimizə, milli heysiyyatımıza qarşı törədilən hücum və cinayətdir. Bu gün qınayıb, o kəsləri cəzalandırmasaq, sabah böyük fəlakətlər qarşısında aciz qalacağıq, onda da gec olacaq artıq. Gücümüz birlikdədir”.
Minval.İnfo

