Fikrət Yusifov: “Azərbaycanda sabitliyin pozulması Amerikanın marağında ola bilməz”
Sabiq nazir: “Siyasi müstəvidə baş verən hadisələrə həmişə həssaslıqla yanaşmaq lazımdır”
ABŞ səfirliyi son zamanlar mediada səslənən iddialara münasibət bildirib. ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Maykl Dikerson facebookda yaydığı videomüraciətdə bildirib ki, son zamanlar mediada ABŞ-ın Azərbaycanda sabitliyi pozmaqda maraqlı olduğu barədə yayılan ittihamlar yalandır və absurddur.
“Bununla əlaqədar məqalələrin və verilişlərin geri çəkilməsini və qaldırılmasını təqdir edirik. Azərbaycan müstəqillik qazandıqdan sonra ABŞ müstəqil, sabit, firavan və demokratik bir Azərbaycanı dəstəkləyib. Son 26 il ərzində biz Azərbaycana 1,5 milyard dollardan çox yardım göstərmişik. Bu, çoxsaylı azərbaycanlıların həyatında müsbət dəyişiklik yaradıb. Buraya təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, vətəndaş cəmiyyəti, iqtisadi inkişaf, qadın sahibkarlığı, turizm və təhsilin yaxşılaşdırılmasına kömək daxildir. 25 il əvvəl ”Əsrin müqaviləsi”nin imzalanmasından başlamış və Cənub Qaz Dəhlizinin inşası da daxil olmaqla, ABŞ həmişə Azərbaycanın enerji ehtiyatlarını, Azərbaycanın öz şərtləri ilə emal və ixrac etmək üçün müstəqil və suveren hüququnu dəstəkləyib”, – deyə müvəqqəti işlər vəkili vurğulayıb.
O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində tərəflərlə işləmək əzmindədir: “1993-cü ildən bəri münaqişə nəticəsində öz torpaqlarından didərgin düşmüş azərbaycanlılara 125 milyon dollardan çox yardım göstərmişik. Biz Azərbaycan hökuməti və xalqı ilə tərəfdaşlıq və dostluğumuzu yüksək qiymətləndiririk. Sonrakı illərdə də hər iki xalqın qarşılıqlı mənfəəti naminə əməkdaşlığımızı dərinləşdirməyə davam edəcəyimizə ümid edirik”.
Qeyd edək ki, bəzi media orqanları və hakimiyyətə yaxın hesab olunan şəxslər müxalifətin son vaxtlar aktivləşməsində, ard-arda aksiyalar keçirməsində xarici qüvvələrin, o cümlədən Amerikanın əlinin olduğu iddialarını irəli sürürdülər. Eyni zamanda Azərbaycan hökuməti ilə ABŞ arasında bu məsələlərə görə müəyyən soyuqluğun yaşandığı iddiaları mövcuddur.
Siyasi analitiklərin fikrincə, məsələnin get-gedə böyüməsi ABŞ səfirliyinin müvəqqəti işlər vəkilinin yuxarıdakı təkzib xarakterli açıqlamanı verməsinə səbəb olub. Yəqin ki, bu açıqlama Azərbaycan iqtidarını qane edəcək və müəyyən qədər arxayınlaşdıracaq. Eyni zamanda məlum iddialara son qoyacaq.
Sabiq maliyyə naziri Fikrət Yusifov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, diplomatın bəyanatı ciddidir və hər halda, nəzərə alınacaq: “Siyasi müstəvidə baş verən hadisələrə həmişə həssaslıqla yanaşmaq lazımdır. Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyini dəstəkləyən, onun ərazi bütövlüyünü tanıyan və müstəqillik illərində ölkəmizin reallaşdırdığı iki nəhəng enerji layihəsinin ərsəyə gəlməsində öz sözünü demiş dünyanın supergücə malik ölkəsidir. ”Əsrin müqaviləsi”nin və “Cənub Qaz Dəhlizi” layihələrinin reallaşdırılması ABŞ-n dəstəyi olmadan bəlkə də baş tuta bilməzdi. Bu layihələrin reallaşdırılması yolunda Birləşmiş Ştatlar nəinki Azərbaycanı dəstəklədi, o, sadəcə olaraq, Azərbaycanın yanında oldu. Əks halda, bu meqalayihələri qısqanclıqla qarşılayan qonşularımız bizə ciddi problemlər yaşada bilərdilər. Biz Azərbaycanın haqlarını bu qədər qoruyan və ona bütün səviyyələrdə dəstək olan bir nəhəng dövlətlə bağlı fikirlər səsləndirərkən nə qədər məsuliyyətli olmağa borcluyuq.
Mən hesab edirəm ki, Azərbaycanda sabitliyin pozulması Amerikanın marağında ola bilməz”.

