Filmlərdə bərbad tərcümə, söyüş, səhvlər – “qaş düzəldən yerdə göz çıxartmaq”

Söhbətə “fransız” qalan izləyicilər zalı narazı tərk etməyə məcbur qalırlar
Konstitusiyadakı boşluqlardan məharətlə istifadə edən kinoteatrlar xərclərini minimuma endirmək üçün ucuz olan bütün yollara əl atır, izləyicilərin hüquqlarını tapdalamaqdan çəkinmirlər.
Film sektorunun inkişafı və gənclərin bu sahəyə marağı günü-gündən artır. Təsadüfi deyil ki, kinoteatrların sayı getdikcə artır, yeni filmlər dublyaj olunaraq ekranlara çıxarılır. Filmlərin insan həyatına təsiri isə təbii ki, təkzib olunmaz faktdır.
İnsanlar gündəlik həyatlarında filmlərdən sitatlar gətirir, hətta sevdikləri aktyorun səsi ilə danışmağa çalışırlar. Bu tendensiya uşaqlar və yeniyetmələr arasında daha geniş yayılsa da, təəssüf ki, səs rejissorlarının düzgün seçilməməsi, xüsusilə tərcümənin bayağılığı insanlarda çaşqınlıq və ikrah hiss oyadır.
Alt yazısı ilə izləyicilərinin görüşünə gələn filmlərdə isə vəziyyət daha acınacaqlı olur. Zamanla yarış başlayır, filmi izləmək yerinə alt yazıları oxumaq əsl işgəncəyə çevrilir. Nəticədə söhbətə fransız qalan izləyicilər zalı narazı tərk etməyə məcbur qalırlar.
Mədəniyyət və Turizm Nazirliyinin ölkədə fəaliyyət göstərən bütün kinoteatrlarda filmlərin dövlət dilində nümayiş etdirilməsi haqda qərarı olsa da, tərcümə və dublyajın keyfiyyəti haqqında heç bir qanuna rast gəlinmir. Konstitusiyadakı boşluqlardan məharətlə istifadə edən kinoteatrlar xərclərini minimuma endirmək üçün ucuz olan bütün yollara əl atır, izləyicilərin hüquqlarını tapdalamaqdan çəkinmirlər.
Dublyaj olunan filmlər arasında türk kinolarının üstünlük təşkil etməsi isə əksər izləyiciləri narahat edən ümumi məsələlərdən biridir. Çünki Azərbaycan dilinə yaxınlığı və başadüşülən olması ilə seçilən türk dilinin tərcümə edilməsi lazımsız görünür və insanlar gözlədikləri hiss və həyəcanı filmdən ala bilmirlər.
Televiziya kanallarının izləyicilərinə sürprizləri isə bununla bitmir, Kamal Sunalın canlandırdığı “Şaban” obrazlarının dublyajı zamanı özündən Amerika kəşf edən kanallar köməkçi aktyorların sözlərini tərcümə etdikləri halda, Şabanın sözlərinə toxunmur, bir növ yumor hissini qorumağa çalışırlar.
İzləyicilərini iki dil arasında gah oyana, gah da bu yana sürükləyən kanallar yumur hissini elə ürəklərində də boğurlar. Yəqin ki, “qaş düzəldən yerdə göz çıxartmaq” buna deyiblər. Kanalları bu addımı atmağa sövq edən səbəblər isə çox sadədir: Ya çox pul xərcləmək istəmirlər, ya da Şaban kimi özünəməxsusluğu isə seçilən aktyorları səsləndirmək riskindən qaçırlar. Əks halda ortaya daha çirkin mənzərə çıxa bilər.
Xüsusilə cizgi filmlərdə bu halların təkrarlanması valideynlərin haqlı narazılığına səbəb olur. “Cinemaplus” ekranlarına yeni çıxan “Həşəratların sirli həyatı” cizgi filmində personajın dilindən “əclaf ” sözünün verilməsi xoşagəlməz nümunələrdən yalnız biridir.
Düşünəndə ki, uşaqlar bizim gələcəyimizdir, onda belə bir sual ortaya çıxır. Gələcəyimizi hansı dəyərlər üzərində qurur, uşaqlarımıza hansı əxlaqı aşılayırıq? Təbii ki, bütün günahı kinoteatrlar üzərinə atmaq da ədalətli olmazdı. Valideyn olaraq uşaqlarımızı diqqətdə saxlamalı, ehtiyac olarsa, lazımı idarə və təşkilatlara şikayətlərimizi bildirməliyik. Yalnız o halda bir şeyləri dəyişməyə müvəffəq ola bilərik.
Fərid Özay
Minval.info

