Filmlərin təsirinə düşənlər – Anasını öldürüb, basdırdı
Teleserialların təsirinə düşüb qatil olanlar, özünə qəsd edənlər
Bu günlərdə 16 yaşlı yeniyetmə özünü videoya çəkdikdən sonra intihar edib.
Videodan nişanlısının ona xəyanət etdiyi, psixoloji çətinliklər yaşadığı üçün intihar yolunu seçdiyi anlaşılır. 16 yaşlı qızın nişanlı olması və intihar həddinə çatdırılması ürəkağrıdan məqamlar olsa da, bəziləri qızın danışığından onun Türkiyə istehsalı serialların təsirinə məruz qaldığını güman edirlər. Türkcə sözlərdən geniş istifadə etməsi, serial personajlarını xatırladan mimika və jestləri 16 yaşlı qızcığazın seriallara çox baxmasına, real həyatı dərk etmə bacarığının azalıb, özünü də bir personaj kimi hiss etdiyini düşünməyimizə əsas verə bilər.
Ümumiyyətlə, insan beyninin və təxəyyülünün istehsalı olan istənilən sənət əsəri, film, serial, kitab insanları öz təsirinə salır. Bu günə qədər film və serialların təsir etmə və həmçinin, təbliğat gücünə dair onlarla araşdırma, sosioloji tədqiqat aparılıb. Məşhur rejissor Kristofer Nolan artıq filmlərin əvvəlki qədər rəğbət görmədiyini, bədii serialların hazırda ən çox tələb edilən məhsul olduğunu etiraf edib. Ona görə də, müxtəlif ekran işlərinin təsirindən danışarkən seriallar barədə ayrıca haşiəyə çıxmaq lazımdır.
Seriallarda sonda əsas qəhrəmanın qalib gəlməsi, intiqam almaq arzusunda olan şəxsin planının istədiyi kimi uğurla getməsi və s. məqamlar insanları, xüsusilə də, azyaşlılarda həyat həqiqətlərinə qarşı biganəlik yarada bilər. Araşdırmalar aparmadan belə, sadəcə cəmiyyətdəki tendensiyaları müşahidə etsək və ya xəbərləri oxusaq izlədiyimiz həyatların bizə təsirini anlaya bilərik. Bir neçə il öncə Hanna Emili Rodrigez anasını qətlə yetirib, gizlətmişdi. FBI-ın 1 həftəlik araşdırmasından sonra məlum olmuşdu ki, Hanna izlədiyi “Dexter” serialından təsirlənib və eyni yolla anasını öldürərək gizlədib.
Final bölümünün yayımlanmasından uzun illər keçsə də “Lost” serial bir çoxları üçün ən yaxşısı hesab edilir. Onu da qeyd edək ki, araşdırmalara görə, “Lost” son 10 ildə insanlar üzərində ən çox təsiri olan serialıdır. Hətta serialın ilk bölümündən sonra bütün Avstraliya-Amerika uçuşları 1 həftəlik ləğv edilmişdi.
Öz cəmiyyətimizə nəzər salsaq, yenə də serialların məişət səviyyəsində təsirini görə bilərik. Çoxlarının Türk dilinə bələd olması, daha əlçatımlı və asan izlənə bilməsi Türkiyə istehsalı serialları ölkəmizdə olduqca populyar edir. Uzun illər öncə “Kurtlar Vadisi” serialının təsiri ilə özünü məktəbdə mafioz qruplaşma başçısı kimi aparan yeniyetmə oğlanlar az deyildi. Bu gün də “Çukur” serialı bugünün yeniyetmələri üçün eyni təsiri göstərir. “Kaybedenler Klubu” filmi yeni çıxdığı zamanlarda da bir çoxları online radiolar açıb, 18+ söhbətlər etməyə başlamışdılar.
Özləri bir şəhzadə kimi görən, uzun boy, yaraşıqlı, zəngin, guya ki onu qoruyan əslində isə şəxsi həyatına və seçimlərinə qarışan, xətrinə dəydiksə isə əsl romatikə çevrilib iş yerinə gül göndərən bir sevgili xəyalı ilə yaşayan onlarla gənc qızımız var. Bu təsirə türkiyəlilər özləri “Yay serialları effekti” adını verirlər və eyni xüsusiyyətlər gənc türk qızlarında da özünü göstərir.
“Wattpad”-ın (həvəskar yazarların öz hekayələrini yayımladıqları online platforma) Azərbaycan segmentinə diqqət yetirsək, yeniyetmə qızlarımızın daha çox sevgi, xəyanət, ağ atlı şəhzadə yolunu gözləyən qızın daha sonra rəfiqəsi tərəfindən arxadan vurulması, iki rəfiqənin bir oğlana aşiq olması kimi mövzularda daha çox yazırlar. Bu hekayələr ya bütövlükdə Türk dilində olur, ya da onlarla Türkiyə türkcəsinə xas sözlər işlədilir. Ən Buradan Türk seriallarının həm həm insanlarımızın təfəkkürünə, həm də leksikonlarına təsir etdiyini anlamaq olar. Artıq gənclər Azərbaycan dilində özlərini ifadə etməyə çətinlik çəkirlər. Gənclərin yaradıcılıq imkanlarını istifadə etmələri nə qədər yaxşı olsa da, bu kreativliyin çox kiçik məişət mövzularında ilişib qalması
Əl-qol ataraq danışmaq, min bir hiylə ilə istəyinə nail olmaq, macəra dolu həyat yaşamağın televiziya ekranından evlərimizə gələn cəlbediciliyi iradəsi zəif olan izləyicinin şüuraltında iz qoyur. Film və serialların mənfi təsirini bilə-bilə övladlarını qorumayan valideynlər isə sonra hər şeyi sənət əsərlərinin boynuna atır. Bu qədər tez təsirə düşən, reallıq duyğusunu dərhal itirən gənclər yetişdirmiş olmaq isə ailələrin digər eyibidir.
Dəniz Kərimzadə
Minval.info


