“Financial Times”: Ukraynadakı prezident seçkilərində gözlənilməz dəyişikliklər baş verə bilər
“Ukraynada mart ayında keçiriləcək prezident seçkiləri 2014-cü ildə əldə olunan bütün nailiyyətləri, o cümlədən iqtisadi uğurları, habelə korrupsiyaya qarşı mübarizədə qazanılan cüzi uğurları da heçə endirə bilər”.
Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin yazarı Nik Batler məqaləsində qeyd edib.
Müəllif seçkilərin nəticələrinin Avropanın təbii qaz bazarında gözlənilməz dəyişikliklərə gətirib çıxacağını qeyd edib. Xüsusilə “Şimal axını-2” qaz kəməri çəkildikdən sonra Ukraynadan Avropaya keçən qaz kəmərləri öz fəaliyyətini dayandıracağı üçün rəsmi Kiyevin əlavə 3 milyard dollardan məhrum olacağı gözlənilən fəlakət ssenarilərindən biri sayılmalıdır.
Nik Batlerin fikrincə, Yuliya Timoşenkonun qalib gəlməsi halında Moskva Ukraynadakı qaz kəmərlərinin mövcudluğunu qoruyub saxlaya bilər. Bu isə sonuncuya ölkədə enerji qiymətlərini aşağı salacağı barədə vədini yerinə yetirməyə şərait yaradar.
“Financial Times” yazarı Pyotr Poroşenkonun hakimiyyətdə 4 il qalmasına və müəyyən işlər görməsinə rəğmən Qərbdən əvvəlki dəstəyini itirdiyini vurğulayıb.
“Bu səbəbdən Yuliya Timoşenkonun qələbəsi həm ABŞ, həm də Avropada sakitliklə qəbul olunacaq”,-deyə məqalədə bildirilib.
Nik Batler Vaşinqtonda Ukraynaya marağın az olduğunu yazıb. “Nə prezident Donald Tramp, nə də dövlət katibi Maykl Pompeo seçki öncəsi Pyotr Poroşenko ilə görüşmək istəmədilər. Lakin Qərbin etinasızlğı Ukraynanın yenidən Rusiyanın təsir dairəsinə düşməsinə şərait yarada bilər”,- deyə yazıda qeyd olunub.
Müəllif ukraynalı prodüser Vladimir Zelenskinin sosial soğrularda önə çıxdığına diqqət çəkərək onun populyarlığının hansısa uğurlu proqram təklif etməsindən və ya ideyalar daşımasından deyil, cəmiyyət içində “yeni sima” kimi qəbul olunmasından irəli gəldiyini bildirib.

