Finlandiya vətəndaşlarının Əfqanıstandan təxliyəsini başa çatdırır

Finlandiya öz vətəndaşlarının və sığınacaq axtaranların Əfqanıstandan təxliyə prosesini tamamlayır.
Minval.info Finlandiyanın “Yle” ictimai televiziya şirkətinə istinadla xəbər verir ki, Finlandiya avqustun 27-dən başlayaraq Kabil beynəlxalq hava limanından insanların təxliyəsini dayandıracaq.
Son məlumatlara əsasən, cümə axşamı günorta saatlarından etibarən təxminən 340 adam təxliyə edilib.
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto son günlər ərzində təxminən 250 nəfərin Əfqanıstandan Finlandiyaya gətirildiyini bəyan edib. Onun sözlərinə görə, gələnlərin əksəriyyəti qadın və uşaqlardır.
Təxliyə edilənlər arasında Finlandiyanın Kabildəki səfirliyinin, Avropa Birliyi və NATO-nun Böhran İdarə Heyətinin üzvü olan 150 əfqan, habelə konsulluq yardımı üçün müraciət edən Finlandiya vətəndaşları və ya ölkədə yaşamaq icazəsi olan şəxslər də olub. Daha əvvəl isə Finlandiya səfirliyinin bütün yerli əməkdaşları və onların ailələri Əfqanıstandan çıxardılmışdı.
Təxliyə olunanları Finlandiya hava limanında koronavirus testləri aparan və dərhal tibbi yardım göstərən, insanların ehtiyaclarını öyrənən dəstək qrupu qarşılayır.
Xatırladaq ki, daha əvvəl Finlandiya Əfqanıstandan insanların vaxtında çıxarılmasını təmin etmək üçün Kabil hava limanına kiçik silahlı kontingent də yerləşdirib.

