“Formula-1” bitsə də, turistlər hələ Bakıdadır – REPORTAJ, FOTOLAR
Bakı 4-cü dəfə “Formula 1” yarışlarına ev sahibliyi etdi. Ekspertlərin fikrincə, yarışlar olduqca maraqlı keçdi. Hətta verilən rəylər arasında Azərbaycan Qran-prisinin sərbəst yürüşlərini, ümumilikdə Çin Qran-prisindən maraqlı keçdiyini söyləyənlər də var.
Hazırda Bakının əsas prospektlərində avtomobillərin hərəkəti tamamilə bərpa edilsə də, bulvar ərazisində, eləcə də mərkəzi küçələrdə beton sədlər götürülməyib, maneələr aradan qaldırılmayıb. “Formula-1”dən qalan təkcə beton sədlər deyil, həm də turistlərdir.
Musavat.com-un reportyor qrupu olaraq müşahidə etdik ki, xüsusilə də İçərişəhər ərazisində xeyli sayda turist var. Onlar son zamanlar İçərişəhərdəki tikintilərlə bağlı müzakirələrdən xəbərdar olmasalar da bildirdilər ki, bu ərazilərin necə varsa, elə də qorunub saxlanmasını arzu edirlər. Çünki tarix qədim olduqca dəyərlidir…
Turistlərin əksəriyyəti Rusiya və Çin Xalq Respublikasının vətəndaşları idi. Günbəgün müasirləşən Bakıda qala divarlarından içərisi, yəni İçərişəhər də çox dəyişilib. Lakin buna baxmayaraq qədimi adətlərin qorunduğu məqamlara da rast gəlmək mümkündür.
Məsələn, yenə də İçərişəhərin yaşlı sakinləri özləri üçün yer düzəldib, illər öncə olduğu kimi stolüstü oyunlar oynayırdılar. Onlarla söhbətimiz zamanı bildirdilər ki, turistlər nərdlə tez-tez maraqlanırlar.
Onlar söylədilər ki, məhəllələrində istirahət edə biləcəkləri tək yer nərd üçün düzəltdikləri stolun ətrafıdır: “Ancaq yarı zarafat, yarı gerçək turistlər burada da bizi dinc buraxmırlar. Nərd oyununa tamaşa edib, maraqlanırlar. Şərq ölkələrindən gələnlərə nərd tanışdır. Ancaq Qərbdən, Rusiyadan gələnlər bizə maraqla tamaşa edib, nərdi öyrənmək istəyirlər”.
İçərişəhərdə Qoşa qala qapılarının önündə uzun müddətdir ki, piştaxtalar qurulub, Azərbaycan mədəniyyətinə, tarixinə aid suvinerlər, mətbəximizin müxtəlif təamları satılır. Turistlərin ən sevdikləri yer də elə həmin məkandır. Qoşa qala qapılarından Qız qalası istiqamətinə doğru xeyli sayda turistə rast gəldik. Havaların isinməsi, burada mühiti daha da rəngarəng edib. Bir tərəfdə dondurma , digər tərəfdə isə suviner satanlar müştəri cəlb etmək üçün müxtəlif musiqilər səsləndirib, şeirlər deyirdilər.
Qız Qalasının ətrafında da xeyli sayda piştaxtalar qurulub. Burada isə antik əşyalar və eləcə də müasir dövrümüzlə ayaqlaşan suvinerlər, geyimlər satılırdı.
Rusiyalı turistlərlə söhbətimiz zamanı onlar bildirdilər ki, İçərişəhəri keçmiş kinolardan sevirlər: “Burada sovet dövründə “Briliyant əl” filmi çəkilib. Həmin filmin çəkildiyi yerləri axtarıb, şəhəri gəzirik. Bura bizim üçün çox maraqlıdır. Bakıya yaxın dostlarımızla birlikdə “Formula-1” yarışlarına baxmağa gəlmişdik. Lakin artıq bir həftədir ki, burada qalıb, şəhəri gəzirik”.
Bələdçilər söylədilər ki, Çindən gələn turistlər üçün Qız qalası daha maraqlıdır. Bələdçi Ruslan Abıyev söylədi ki, çinlilər Qız qalasına çıxmağı çox sevirlər: “Onların əksəriyyəti Bakıya gəldiyi zaman mütləq Qız qalasına qalxırlar. Biz ərəblərlə də işləyirik. Onların əksəriyyəti bu yerlərə gəlməkdə maraqlı deyillər. Ərəblər daha çox bulvar ərazisində və “Nizami” küçəsində gəzməyi sevirlər. Çünki həmin yerlərdə alış-veriş edə bilirlər. Onları daha çox alış-veriş etmək maraqlandırır. Ona görə də rusları tarixi yerlərə, çinliləri Qız qalasına, ərəbləri isə “Torqovı” yaxud da bulvar ərazisinə aparırıq. Burada gördüyünüz turistlərin əksəriyyəti Bakıya “Formula-1” ərəfəsində gəliblər və hələ də buradadırlar”.












