Futbolun sürpriz çempionları – Vətəndaş müharibəsi, göz yaşları, inam, mübarizə… (FOTOLAR)
1992 Avropa çempionatı: Danimarka

İsveçdə təşkil olunan 1992 UEFA Avropa çempionatı futbol tarixinin ən gözlənilməz çempionlarından birinin tarixə düşməsi ilə yadda qaldı. Vətəndaş müharibəsinin başlanması ilə turnirdən kənarlaşdırılan Yuqoslaviyanın yerinə dəvət alan Danimarka sürpriz şəkildə qatıldığı çempionata olduqca hazırlıqsız heyyətlə yollandı. İstirahətdən toplanmış futbolçuların turnirdə zəfər qazanması heç kimin ağlına belə gəlməyəcək nəticə idi. Qrup mərhələsinin ilk oyununda İngiltərə millisi ilə 0-0 bərabərliklə bitən oyundan sonra İsveçə 2-1 hesabı ilə məğlub olan Danimarkanın qrupda qalacağı heç kimdə şübhə doğurmurdu. Qrupun son oyununda güclü Fransa millisinə 2-1 hesabı ilə qalib gələn danimarkalılar qrupdan çıxmağı bacardılar. Bu belə olduqca hazırlıqsız şəkildə turnirə qatılmış Danimarka üçün böyük nəticə sayılırdı. 8 komandanın qatıldığı çempionatda yarımfinala yüksələn danimarkalılar son çempion Hollandiya yığmasını penaltilər seriyasında 5-4 hesabı ilə məğlub etdilər. Finalda Danimarka millisinin rəqibi güclü Almanya idi. Olduqca maraqla baş tutan oyunda rəqibini 2-0 hesabı ilə məğlub edən Danimarka milli mümkünsüz hesab edilən bir möcüzəni reallaşdırmağı bacardı. Sürpriz şəkildə çempionata dəvət alan Danimarka millisi hazırlıqsız qatıldığı turnirdə ilk və tək Avropa çempionluğunu əldə etdi.
1997-1998 Bundesliqa: “Kayserzlautern”

1997-1998 mövsümündə Almaniya Bundesliqasına yüksəlməyi bacaran “Kayserzlautern” klubunun qarşısında duran başlıca məqsəd liqada qalıcı olmaq idi. Heyyətində Andres Breme, Mixail Ballak, Olaf Marşal kimi dövrün istedadlı futbolçularına malik olan “Kayserzlautern” Bundesliqaya olduqca uğurlu start verdi. Sezon ərzində oynadığı 34 oyunda 19 qələbə əldə edən “Kayserzlautern” “Bavariya” klubunu 2 xal qabaqlayaraq Bundesliqa çempionu oldu. Liqaya yüksəldiyi ilk mövsümdə çempionluğu əldə edən “Kayserzlautern” uzun illər Avropada hər kəsin xatırladığı bu uğurunu mükəmməl komanda oyunu, baş məşqçisi Otto Rehingelin ağıllı taktikaları və Olduqca istedadlı gənc futbolçularına borclu idi. Bu, bir klubun əsas liqaya yüksədiyi sezon çempionluq yaşamasının yeganə nümunəsi oldu.
2004 Avropa çempionatı: Yunanıstan

2004-cü ildə Portuqaliyanın ev sahibliyi etdiyi Avropa çempionatında Yunanıstan millisi bütün proqnozları alt-üst edərək çempion oldu. Bütün matçlara müdafiə sistemli heyyətlə çıxan yunanlar qrupun ilk oyununda ev sahibi Portuqaliya millisini 1-0 hesabı ilə məğlub etməyi bacardı. Bu sürpriz qələbədən sonra ikinci oyunda İspaniya seçməsi ilə 1-1 bərabərə qalan Yunanıstan millisi son oyunda Rusiyaya 2-1 hesabı ilə məğlub olmasına baxmayaraq növbəti mərhələyə vəsiqə qazandı. 1/8 final mərhələsində Fransa millisi üzərində 1-0 hesabı ilə qələbə qazanan Yunanıstan futbol azarkeşlərini təəccübləndirməyi bacardı. Yarımfinala qədər gəlməyi belə böyük nailiyyət olan yunanların rəqibi bu dəfə Çexiya millisi idi. Oyunda mükəmməl müdafiə olunan Yunanıstan rəqibini 1-0 hesabı ilə məğlub etdi. Yunanların finaldakı rəqibi yarımfinalda Hollandiya millisinə 2-1 hesabı qalib gələn ev sahibi Portuqaliya idi. Final görüşündə çoxsayılı Portuqaliya hücumlarına qarşı inamla müdafiə olunan Yunanıstan millisi əlinə düşən nadir imkanların birində, Karisteyasın 57-ci dəqiqədə vurduğu qolla rəqibi qarşısında 1-0 hesablı üstünlük əldə etdi. Matçın sonuna qədər qapısını toxunulmaz saxlayan yunanlar Avropa çempionu olmağı bacardılar. Heç kimin qrupdan çıxacağına belə şans vermədiyi Yunanıstan millisi mükəmməl müdafiə futbolu, futbolçular arasında yüksək səviyyəli komanda oyunu sayəsində futbol tarixində ən böyük uğurunu əldə etdi.
2009-2010 Türkiyə superliqası: “Bursaspor”

Türkiyə Superliqasında “Dörd böyüklər”-in hegemonluğuna son qoyan “Bursaspor” qazandığı çempionluq ilə futbol dünyasının sürpriz çempionları arasına adını yazdırmağı bacardı. Ərtoğrul Sağlam rəhbərliyində Sərcan Yıldırım, Ozan İpək, Volkan Şən kimi gənc istedadların istəkli oyunu nəticəsində 2009-2010 mövsümünü “Fənərbağça” klubunun önündə çempion tamamlayan “Bursaspor”, “Trabzonspor”-dan sonra bu uğuru əldə edən ikinci Anadolu təmsilçisi oldu. Mövsüm boyu inamlı oyunlarla yadda qalan klub liqanın son matçına əzəli rəqiblərindən “Beşiktaş”-ı 2-1 hesabı ilə məğlub edərək Türkiyənin ən güclüsü olmağı bacardı. Sonrakı mövsümlərdə əldə etdiyi uğurun aşağısında qalan Bursa təmsilçisi ötən sezon Türkiyə Superliqasını tərk etdi.
2011-2012 Fransa liqası: “Montpelye”

Oliviye Jiru, Yunes Belhanda, Bedimo kimi gənc istedadları ilə “PSJ”, “Lil”, “Lyon”, “Bordo” kimi klubları qabaqlayaraq klub tarixində ilk çempionluğunu əldə edən “Montpelye” klubu olduqca dar olan büdcəsi ilə bu uğuru əldə edərək futbol azarkeşlərini təəccübləndirməyi bacardı. Möhtəşəm keçən mövsümdən sonra bir çox ulduz oyunçusunu böyük klublara satmağa məcbur olan klub, sonrakı sezonlarda liqada qalmaq uğrunda mübarizə apardı. “Monpelye” klubu əldə ediyi bu inanılmaz çempionluqla hələ uzun illər futbol tarixində unudulmazlardan biri olacaq.
2015-2016 İngiltərə premiyer liqası: “Lester siti”

Oynadığı heyrətamiz futbolla dünyanın ən çətin liqasında çempion olmağı bacaran “Lester Siti”-nin “Çelsi”, “Mançester Siti”, “Mançester Yunayted”, “Arsenal” kimi klubların önündə kuboka sahib olmasında heç şübhəsiz, baş məşqçi Klaudio Raniyerinin böyük rolu oldu. Cimi Vardi, Riyad Mahrez kimi futbolçularla mükəmməl komanda oyunu yaradan Raniyeri hələ uzun müddət haqqında danışılacaq uğura imza atdı. Bir neçə il öncəyə qədər ikinci diviziyada çıxış edən “Lester Siti” klubu futbolun hələ də puldan tam asılı olmadığını azarkeşlərə sübut etdi. “Lester Siti”-nin əldə etdiyi bu uğuru İngiltərədə hələ uzun müddət heç bir klubun təkrar edə bilməyəcəyi şübhə doğurmur.
2016 Avropa çempionatı: Portuqaliya

2016 Avropa çempionatının finalında ev sahibi Fransanı 1-0 hesabı ilə məğlub edən Portuqaliya millisi tarixində ilk dəfə olaraq nüfuzlu turnirlərin birində çempion olmağı bacardı. Heyyətində Kristiano Ronaldo, Luiş Nani, Rikardo Kuarejma kimi ulduz futbolçulara sahib olan Portuqaliya millisi güclü oyunçularına baxmayaraq turnirin favoritləri arasında göstərilmirdi. Qrup mərhələsində Macarıstan, Avstriya, İslandiya milliləri ilə qarşılaşan Portuqaliya hər 3 oyundan bərabərliklə ayrıldı. Qrupda 3-cü yer tutan portuqallar yeni qaydalara əsasən qrupdan çıxmağa haqq qazandılar. Növbəti turda Xorvatiya seçməsini 1-0 məğlub edən Portuqaliya sonrakı matçda penaltilər seriyasında Polşa millisini də mübarizədən kənarlaşdırmağı bacardı. Yarımfinalda Uelsə qarşı oyunda rəqibini 2-0 hesabı ilə məğlub edən portuqallar finala vəsiqə əldə etdilər. Finalda isə ev sahibi Fransa seçməsi qarşısında gərgin oyunda Ederin ekstra taymda vurduğu kritik qolla qalib gələn Portuqaliya millisi tarixində ilk Avropa çempionluğunu qazandı. Bu uğurun qazanılmasında millinin kapitanı Kriştiano Ronaldonun əvəzsiz rolu oldu. Oynadığı futbolla ölkəsini finala qədər daşımağı bacaran dünya ulduzu final görüşündə zədələnib meydanı erkən tərk eləsə də, kənardan oyunçulara motivasiya verməyi bacardı. Bununla da 2004-cü ildə finalda Yunanıstan qarşısında çempionluğu əldən verən Portuqaliya 2016-cı ildə Avropa çempionatının kubokunu qazana bildi.
Nazim Hacıyev
Minval.info

