“Gedin, biz də sizin arxanızca gələcəyik…” – FOTOLAR
“Yeni Müsavat”çılar 2018-cı ilə yekun vurdular
Bu gün günlərdən…. “Yeni Müsavat”da 2018-ci ilin son iş günü. Daha dəqiq desək, ilin son nömrəsinin hazırlanma günü. Yoxsa ki, “Yeni Müsavat” Media Qrupuna daxil olan saytlar bayram günü, əqrəblər 12-ni vuranda, Şaxta Baba çiynində çanta ilə qapıları döyən dəqiqələrdə də… fəaliyyətdə olacaq. İlin son iş gününü fotolar və yekunlaşdırıcı söhbətlərin müşayiəti ilə reportaja çevirmək isə pis olmaz deyə düşündük… Çünki bizim iclaslardan hazırlanan reportajlar daha çox dəbdəbəli restoranların mətbəxinə bənzəyir: masaya gözəl yeməklər gəlir, amma onun hazırlanma sirrini ancaq mətbəxdə görə bilərsən.
Digər tərəfdən, ölkənin, dünyanın olaylarını qələmə alanların təqvimin böyük bir mərhələsini arxada qoymasının özü də bir tarixdir. Biz təqvimin bu gününə, bu ilinə bir də sizin üçün nöqtə qoyuruq. Oxuyun və bilin ki, nəyi necə yekunlaşdırırıq.
Təqvimdəki vərəq 2018-ci ilin 28 dekabrını, saatda isə əqrəblər 10.55-i göstərir. Məsələn, mən qaranəfəs yetişmişəm, çünki saat 12.00-də Facebookda canlı yayınım var, üstəlik, iclasdan reportajı özüm yazacam deyə erkəndən redaksiyada olmam lazım idi. Oysa ki, başqa gün olsa, mən bu dəqiqələrdə 20 yanvar metrosu həndəvərindən təzə keçməli, tıxacdan foto çəkib, “Yeni Müsavat”çıların ortaq vatsap qrupuna yollamalı idim: “Dostlar, şəhərdə hərəkət etmək mümkün deyil… Gecikirəm” notu ilə. Təbii, baş redaktorun birinci müavini Azər Ayxanın buna zaman-zaman inamsızlıqla yanaşan reaksiyaları olmasa, suçluluq hissi də olmur adətən. Amma mən də buna ilahi ədalət deyirəm. Bu dəfə də A.Ayxan gecikir iclasa. Metrodan foto çəkib yollayır, “iclası bir neçə dəqiqə ləngidin”, deyə. İlin son iclasının bu cür simvolik başlaması nə gözəl…
İclas otağına girəndə isə adamda bir dejavyu əhvalı yaranır. Demək olar ki, ilin hər günü baş tutan bu iclaslar gündəmdəki hadisələrin fərqliliyi olmasa, bir öncəkini xatırladır. Bayramları və bazar günlərini çıxmaq şərtilə, 281 gündür ki, “Yeni Müsavat”çılar hər səhəri belə başlayırlar: mövzular, müzakirələr, təkliflər, onların həyata keçirilməsi. Bizə qədər də belə olub, bizdən sonra da belə olacaq. “Yeni Müsavat”da səhər planlaşdırması günün “olmazsa olmazı”dır.
Masa ətrafında oturanda fərqinə varıram ki, hər kəs pırıl-pırıl geyinib, otağı bir anda xoş odekolon və parfüm qoxuları bürüyür. Xüsusən də bəylər… Balaca uşaq kimi sevinənlər, sürpriz gözləyənlərdən isə heç danışmıram… Aha, axşam “Yeni Müsavat”çılar köhnə ili bir məclislə yola salıb, yeni ili birgə qarşılayacaqlar. Bu hazırlıq ondan.
İclası ənənəvi olaraq “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu açır. 2018-ci ilin media qrupumuz üçün yaxşı keçdiyini xatırladan baş yazar yola davam etdiyimizi, iddialı və əzmli olduğumuzu deyir. R.Arifoğlu eyni zamanda media sferasındakı liderliyi qoruduğumuzu, əməkdaşlarımızın bu sahədə nüfuz sahibi olduqlarını da xatırladır. Kollektivdəki ailələrin sayında da artım olduğunu deyir Rauf bəy, bütün körpələrə sağlam və gözəl həyat arzulayır.
“Bayram günlərində kim çalışacaq” deyə sual edir sonra. Hər ilin son iclasında olduğu kimi. Məlum olur ki, əksər əməkdaşlar. Sayt onsuz da 24 saatlıq rejimdə olacaq. Jurnalistlər isə əllərindən telefonu yerə düşürməyəcəkləri üçün bir əlləri ilə yemək yeyib, o biri əlləri ilə sayta yazı yollaya biləcəklər.
“Bu gün canlı yayında kimdir?” Son bir ilin iclaslarında ən çox verilən sual budur əslində. Bu sətirlərin müəllifi bildirir ki, ölkənin məşhur Şaxta Babası olan Nəsimi Paşayev canlı yayına qonaq gəlir. Amma onun kimliyi oxuculardan sirr olaraq saxlanıb, yayının sonuna yaxın elan ediləcək. Rauf bəy də yarızarafat and verdirir: “Bax, o Şaxta Babanın canı, onun kim olduğunu yayından öncə heç yerdə yazmayın, heç kimə xəbər verməyin”…
İclasın bu yerində Musavat.com saytının rəhbəri Xalid Kazımlı və adminlərindən biri Turan Oruc iclası tərk edirlər. “Gəminin sükanını” boş qoymaq olmaz. R.Arifoğlu simvolik sözlərlə uğurlayır onları: “Gələcək sizindi, hoca. Hamımız yanınıza gələcəyik…”
Sonra sıra ilə mövzular sahiblərinə verilir: Mehman Hüseynov mövzusu, DTX əməkdaşlarının həbsi, rüşvət alan məmurlar… Jurnalistlər zarafatla deyirlər ki, bəzən məmurlar “biz bir manat da rüşvət almırıq” deyəndə gerçəyi təhrif etmirlər. Çünki onlar rüşvəti bir çox hallarda dollarla alırlar.
Mövzunu zarafata salan A.Ayxan bunun örnəyini ailə-məişət münasibətlərindəki bir detalla verir: “Azərbaycanda da kişilər arvadlarına pul vermək istəməyəndə, “bərəkət haqqı, bir qəpik də pulum yoxdu” deyirlər. Çünki ciblərində gerçəkdən də qəpiklə pul olmur”.
İslamda qızların təhsil alma haqqı, bayramda Azərbaycana gələn turistlər, Gömrük Komitəsində redaktorlarla keçirilən toplantı, azərbaycanlı məmurların topladıqları vəsaiti xaricə daşımasının səbəbi, Rüfət Aslanlının həbs olunma ehtimalı, Trampın 2018-ci il çılğınlıqları… Hər kəs menyusuna və sahəsinə uyğun mövzunu götürür.
Gündəmi tamamlayırıq, daxili və beynəlxalq siyasətin bütün mövzuları müzakirə olunur. Ənənəvi “bir il sonra yenə bu iclasda sağ-salamat, bu cür gülərüzlə görüşərik” yekunundan sonra hər kəs öz kompüterinin başına qayıdır. İli öz yazıları ilə yekunlaşdırmağa…
Bayramınız mübarək…
Sevinc TELMANQIZI,
Musavat.com




















