Sosial şəbəkələrdə üzərində kriminal aləmə məxsus sözlərin əks olunduğu uşaq “body”lərinin fotoları yayılıb. “Bu evdə mənim sözüm keçər”, “Ağıllı olun, 9 ay içəridə yatdım” tipli cümlələrin uşaq paltarlarının üzərinə yazılması geniş müzakirələrə yol açıb.

Elmi araşdırmalara görə, geyim insan davranışına, sağlamlığına və duyğularına birbaşa təsir göstərir. Bəlkə də, bu səbəbdəndir ki, müxtəlif peşələr üçün xüsusi formalar hazırlanır. Çünki üzərindəki paltar insanda həm də məsuliyyət hissi yaradır. Uşaqlar geyindikləri qiyafəni, eləcə də onun üzərindəki yazıların mənasını dərk etməsələr belə, bu onların formalaşma yolunun bir göstəricisidir, valideynlərinin psixologiyasından, baxış bucağından xəbər verir. Ona görə də belə uşaq paltarlarının satışa çıxarılması ciddi narahatlıq doğurur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, geyimlərin üzərindəki bu kimi yazılara heç kim nəzarət etmir:

“Qanunvericilikdə öz əksini tapmayıb. Biz dünyanın müxtəlif ölkələrində bu tipdə yazılar çox görmüşük. Qərbin, Avropanın, ABŞ-ın pis adətləri Azərbaycana gəlir, əxlaqa mənfi təsir göstərir. Düşünürəm ki, bizə yaraşmayan bir haldır, belə yazılara nəzarət olmalıdır. Qanunvericilikdə mütləq dəyişiklik edilməlidir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda 1995-ci ildən bəri müsbətə doğru dəyişiklik yoxdur. Dəyişikliklərin hamısı istehlakçıların zərərinədir. Dövlət orqanları, eləcə də biznes qurumları Azərbaycana bu cür malların buraxılmasının qarşısını almalıdırlar. Belə getsə, başqa ölkələrdə gördüyümüz biabırçı şeylər ölkəmizə gələcək, bunun isə yolverilməz olduğunu düşünürəm. Biz istehlakçı təşkilatı olaraq bu kimi məsələlərlə ciddi məşğul oluruq və çalışırıq ki, insanlar belə xidmətlərdən uzaq olsunlar”.

Psixoloq Vəfa Rəşidova isə məsələnin təhsilsizlikdən qaynaqlandığını deyib:

“Bu, bir tərz sayıla bilməz, belə uşaq geyimi olmaz. Bunun kökündə təhsilsizlik dayanır. Əgər valideynlər belə “body”ləri alıb uşaqlarına geyindirirlərsə, deməli, onlar da istehsalçıyla eyni təfəkkürdədirlər. Uşağın tərbiyəsi ana bətnindən başlayır. Bizim geyimimizdəki hər bir detal ruh halımıza, psixologiyamıza ciddi təsir göstərir. İnsan bunun fərqində olsa, aldığı hər şeyə diqqətlə yanaşar. Məhz biganə yanaşıldığı üçün bu gün cəmiyyətimizdə davranış pozğunluğu olan insanlar, uşaqlar həddən çoxdur”.

Həmsöhbətimiz qeyd edib ki, belə paltarların geyindirilməsi, uşaqların bu cür cümlələrlə əzizlənməsi onun bir müddət sonra ailədə dominantlıq etməsinə gətirib çıxara bilir:

“Doğrudur, uşaq üzərindəki yazını dərk edəcək yaşda deyil, ancaq bəzən valideyn onu əzizləyəndə belə cümlələr istifadə edə bilir. Biz belə paltarı övladına geyindirən valideynin onu əzizləyərkən bu tip cümlə qurmayacağına zəmanət verə bilmərik. Həmin sözlərlə böyüyən uşaqlar isə dar dünyagörüşü ilə formalaşırlar. Necə ki içdiyimiz suyun, yediyimiz çörəyin ruhumuza təsiri var, eləcə də geyindiyimiz paltar psixologiyamıza təsir göstərir.  Məhz belə faktorlara görə uşaqlarımız təhsildən uzaqlaşır, zövqsüzləşirlər.

Geyim şəxsin kim olmasından, hansı mühitdə böyüməsindən xəbər verir. Ona görə də valideynlər diqqətli olmalıdırlar. Bəzən uşaq yeniyetməlik dövrünə çatıb uyğunsuz bir hərəkət edəndə valideyn təəccüblənir, amma bilməlidir ki, körpə ikən dediyi sözlər, tərbiyə üsulu uşağın bugünkü davranışının əsas səbəbidir”.

Psixoloq valideynləri övladlarını uşaq yaşdan rəsmə, musiqiyə, idmana, mütaliəyə yönəltməyə səsləyib:

“Ancaq uşağını məhv etmək, kriminal aləmdə görmək istəyən valideyn belə geyimlərə üz tutar. Bəzən valideyn istəyir ki, oğul övladı böyüyəndə ailədə onun sözü keçsin. Az da olsa, bununla qürur duyanlar var. Ona görə də belə geyim seçimləri edə bilirlər. Amma bu cür düşünən analar sonda oğulları tərəfindən döyülür, qocalar evinə yerləşdirilirlər. Uşağa dominantlıq verəndə gələcəyi düşünmək lazımdır. Sevgi belə olmamalıdır. Övladlarımızı cəmiyyətə yararlı yetişdirməliyik. Valideynlər maariflənməlidirlər”.