Gündə 6 dəfə yemək, yaxta gəzintiləri – İstanbuldakı qocalar evindən REPORTAJ, FOTOLAR
Tarixən bura 1895-ci ildə sultan Əbdülhəmid tərəfindən din, məzhəb və irq fərqi qoyulmadan dilənmək məcburiyyətində olanların qala biləcəyi bir yer olaraq tikilib.
Darülacezeyə gedəndə böyük bir qapı, qapıdan girdikdən sonra isə bambaşqa bir dünyanın tam ortasındakı yamyaşıl bağçalar sizi qarşılayar. Çardaqların altında yığışıb oturan, yeriyən, dincələn, öz aralarında söhbət edən Darülaceze sakinləri yad bir insan görəndə xatırlanmış olmanın qəlblərində yaratdığı sevinclə gözlərinizin içinə baxarlar. Gözlədikləri tək şey isə, səmimi bir salam, sevgi dolu baxışlardır.
Darülacezedəki sənət işləri ilə məşğul olan sakinləri görmək üçün təşkil etdiyimiz ziyarət çərçivəsində Gürhan Gökçe bizə sakinlər haqqında danışır. Biz də bir tərəfdən reabilitasiya mərkəzinə doğru yola çıxırıq. İndidən başa düşürəm ki, rəhbərlik buradaki sakinləri xoşbəxt etmək üçün əllərindən gələni edir. Yayda sakinlər üçün açıq havada sinema, yaxta gəzintiləri, müxtəlif tədbirlər təşkil edilir. Ara yeməkləri də sayanda, ümumilikdə 6 dəfə qocalara yemək verirlər. İstəyən öz otağında duş ala bilir, onun xaricində də sakinlərin hamam günləri var. Gürhan bəy bizə Darülacezenin dörd ulduzlu otel standartlarında olduğunu deyir. Burda gördüyümüz sakinlərin üzündəki təbəssüm onun sözlərinin heç də yalan olmadığını göstərir.
“Üç dəfə yol qəzası keçirib, 5 dəfə ağır reanimasiyada olmuşam”
Reabilitasiya mərkəzində əvvəla beş- altı-nəfərin olduğu rəsm atelyesini görürük. Stollarda yağlı boyalarla rənglənən tablolar, qara qələm nümunələri var. Otağa girən kimi bütün gözlər bizə baxır. Hələ onlarla tanış olmamışdım, amma onların göstərdiyi maraq mənə çox səmimi və gözəl gəldi.
Əvvəla Talib Aydoğanın yanına gedirəm. Deyir ki, bizim sizlərə ehtiyacımız var: “Biz gəlməyinizə çox sevinirik, həqiqətən. Mən üç il yarımdır ki, burdayam. 1955-də Ordu şəhərində dünyaya gəlmişəm. Başıma bəzi hadisələr gəlib. Bir evim yanıb, bir evimi seldə itirmişəm. Üç dəfə yol qəzası keçirib, 5 dəfə ağır reanimasiyada olmuşam. Arvadım da məni qoyub gedib, axırda buralara düşmüşəm. Kimsə ziyarətə gələndə çox sevinirik. Sizlər bizim başımızın tacısınız. Sizləri görəndə çox xoşbəxt oluruq”.
Onun yağlı boya ilə çəkdiyi rəsmlərə baxıram. Masanın tam qarşısında Əbdülhəmidin tablosunu görürəm. Nümunə olaraq baxdığı fotoların hamısını birə-bir çəkə bilir. Meşələr, dağlar, dənizlər, tarixi İstanbul küçələri… Nəyi desən yağlı boyalarla, qara qələmlə çəkə bilir.
Uşaqlarını soruşanda isə eləcə “öldülər” deyir mənə, o qədər…
Qəzet kağızından düzəldilən çantalar
Rəsm atelyesindən çıxıb, bir alt mərtəbəyə, toxuma bölümünə keçirik. Hamı nə iləsə məşğuldur. Kimisi bir stolun ətrafında qəzet kağızından əl işi çantalar düzəldir, kimisi də yun iplərlə nə isə hörür. Hamının əlində bir işi, işi edərkən qurduğu bir xəyalı var.
Qəzet və kağızlarla çantalar düzəldilən bir stolun başına gedirəm. Dördkünc qəzet kağızlarını skoçlayıb, bunları bir araya gətirib çantalar düzəldirlər. Daha sonra bunlar qazanc məqsədi ilə satılır. Bu dəfə də Mustafa Nəmli ilə danışırıq. 1933-cü ildə dünyaya gəlib. Ondan buraya gəlmə səbəbini soruşuram, gözləmədiyimin əksinə sərt cavab verir:
– Yəni deyirsən ki, buraya niyə gəlmisən? Evində otursan olmazdı?
Daha sonra sözlərinə davam edir. “Mən 52 yaşında təqaüdə çıxmış məmuram. 30 il idarəçiliklə məşğul olmuşam. İndi 85 yaşım var, çox qohum- əqrəbam var, çağırırlar amma mən getmirəm” , – deyərək başını çevirir və əlindəki işi görməyə davam edir.
Digər bir tərəfdə Mehmet Atok alüminium falqa üzərinə relyef çalışması edir. Bir şəkli falqanın üzərinə çəkib, daha sonra tərs çevirib qabardır. Bura gəliş hekayəsini özündən eşidirik: “Tək qaldım. Sağlıq problemlərim oldu, həyatımı davam etdirəcək vəziyyətim qalmayanda bura gəldim. 60 yaşındayam. Əsnaf idim, iflas etdim, arvadımdan ayrıldım, bir qızım var, arada ziyarətimə gəlir. Yüzdə 78 əliləm. Ürək, damar, şəkər xəstəliyim var, süni damarlarla yaşayıram. Hamı çox sağlam və zireh kimi görsəndiyimi deyir. Məni düşməninə göstər, geri çək”.
“Həyata küsməmişəm”
Həvva Balcanın isə gözləri gülür. 18 ildir Darülacezedə həyatını davam etdirir. Tək qolu və tək ayağı iflicdir. Qabağındakı toxuma dəzgahını bir ayağı ilə itələyib, o biri əli ilə çəkir.
– Uşaqlarınız ziyarətinizə gəlir?
– Mənim bir qızım var idi, tibb bacısı idi. Bir oğlan, bir də qız dünyaya gətirdi, həyatına son verdi. Adi Mehtap idi.
Mehtap deyərkən elə ürəkdən, hecalaya hecalaya deyir ki, sanki canından can çəkilir. Üzündəki təbəssüm böyük ağrıların böyük pərdəsi imiş. O zaman anladım.
Davam edir sonra, məsləhət verir: “Bir varıq, bir yoxuq bu dünyada. Ananı atanı sev, onları say. Bir gün sən də qocalacaqsan. Sən onlara baxmasan, sevməsən, sənin də uşaqların seni sevməz saymaz”.
Ondan ayrılarkən mənə arxadan səslənir: “Həyata küsməmişəm ki, küsməmişəm”.(musavat.com)






