Güneyli fəal Tehran həbsxanasında aclıq aksiyasına başladı
Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı ictimai və mədəni fəal Yaşar Təbrizi aclıq aksiyasına başlayıb.
Bakupost.az telegram kanallarına istinadla xəbər verir ki, o, öz hüquqlarının pozulmasına və həbsxana nəzarətçiləri tərəfindən döyülməsinə etiraz edir.
Məhbus yoldaşlarının bildirdiyinə görə, Yaşar Təbrizi həbsxananın 6-cı bölməsindən 4-cü bölməsinə köçürülməsinin səbəbini soruşduğu üçün nəzarətçilər tərəfindən döyülüb. Bununla yanaşı, Yaşar Təbrizinin ailəsi ilə görüşünə və telefon danışığına da qadağa qoyulub.
Döyülən güneyli fəalın qabırğaları ağır zədələnib. Buna baxmayaraq, onun tibb məntəqəsinə müracviət etməsinə və müayinə olunmasına icazə verilməyib.
Xatırladaq ki, bu ilin mayın 1-də İranın təhlükəsizlik qüvvələri Tehran əyalətinin Şəhriyar şəhərinin Şahidşəhr bölgəsində yaşayan Yaşar Təbrizinin şəxsi mənzilinə hücum edərək onu qandallayıblar. Hökumət qüvvələri güneyli fəalın şəxsi əşyalarını, o cümlədən mobil telefonu və kompüterini müsadirə ediblər.

