Həsən Ruhani İran parlamentində ölkədəki iqtisadi vəziyyətlə bağlı sualları cavablandırıb
İran prezidenti Həsən Ruhani bu gün səhər saatlarında ölkə parlamentinin açıq sessiyasında iştirak edib.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, hökumət başçısı ölkədəki iqtisadi vəziyyətlə bağlı deputatlarının suallarını cavablandırıb.
Sessiyanın əvvəlində beş əsas məsələ, o cümlədən malların və xarici valyutanın qaçaqmalçılığına nəzarət üzrə tədbirlər, işsizliyin səviyyəsinin azaldılması üzrə səylərin səmərəsizliyi, iqtisadi böhran, xarici valyutanın kursunun kəskin artması və milli valyutanın dəyərinin kəskin azalması və İrana qarşı davam edən bank sanksiyaları barədə məsələlər qaldırılıb.
Deputatlara sual vermək üçün 30 dəqiqə, Həsən Ruhaniyə onlara cavab vermək üçün isə 1 saat vaxt verilib. Hökumət başçısının ilk dörd suala cavabları qanunvericilər üçün kifayət qədər inandırıcı olmayıb, amma parlamentarilər onun bank sanksiyalarının davam etdirilməsinin səbəbləri haqqında cavabından məmnun qalıb.
Qeyd edək ki, İran prezidentini xarici işlər naziri Məhəmməd Cavad Zərif, sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari, kəşfiyyat naziri Mahmud Ələvi, eləcə də digər qurumların rəhbərləri müşayiət edib.

