“Hamı deyir ki, penalti var idi” – Xames Rodriqes
“Marselonun epizodunu görmədim, uzaq idim. Hamı deyir ki, penalti var idi. Ancaq uğursuzluğa görə kimisə günahlandırmaq lazım deyil”.
Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Bavariya”da icarə əsasında çıxış edən Xames Rodriqes Çempionlar Liqasının yarımfinalında “Real”la cavab oyunundan (2:2) sonra deyib.
Müqavilə ilə Madrid klubuna məxsus olan kolumbiyalı yarımmüdafiəçi yaxşı oynadıqlarını bildirib: “Amma bu dəfə alınmadı. “Real” finala çıxdı, deməli, onlar hər şeyi düzgün etdilər.
O, komandanın qapıçısı Ulrayxın kobud səhv etdiyi epizod haqda da danışıb: “Onu günahlandıra bilmərik. Hər iki oyunda səhvlər buraxdıq. Ancaq futbolda bəzi şeylər var ki, onları əvvəldən bilmək olmur”.
“Bavariya”nın ikinci qolunun müəllifi olan Xames daha sonra söyləyib: “Qolu qeyd etmədim, çünki bir neçə ilimi “Real”da keçirmişəm və orada xoşbəxt idim. Məni alqışladıqlarına görə məmnunam. Belə çıxır ki, “Real”da yaxşı işlər görmüşəm. Bütün azarkeşlərə təşəkkür edirəm”.

