Hindistanda məktəb avtobusu uçuruma yuvarlanıb
Yanvarın 5-də Hindistanın şimalinda yerləşən Himaçal-Pradeş ştatında məktəb avtobusunun uçuruma yuvarlanması nəticəsində azı 7 nəfər, o cümlədən 6 məktəbli həlak olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sirmur dairəsində, Sanqrah şəhəri rayonunda qeydə alınıb. İnsident nəticəsində, həmçinin 8 məktəblinin yaralandığı bildirilir. İlkin məlumata əsasan, qəzaya sürücünün dağ yolunda idarəetməni itirməsi səbəb olub. Hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə işləri davam edir.
Avtomobil yollarında sıxlıq, yol örtüyünün vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Hindistanda ciddi yol-nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, avtomobil qəzaları nəticəsində ölkədə hər gün 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.

