İnklüziv köşə

Deyir, dövlət qurumundan əhaliyə muştuluq və gözaydınlığı verilmişdir, gələn il yanvarın 1-dən qaz limiti təzədən 10 qəpikdən hesablanacaqdır. 1700-ə qədər olan hissəsi. Baxırsan ki, ya dövlət qurumu, ya da bu xəbəri qayıran müxbir milləti ələ salmaqla məşğuldur. Çünki onsuz da qüvvədə olan qərarla bizi sevindirmək istəyirlər. Bir azdan qulağımızın ikisinin də yerində olmasını şad xəbər kimi yazan geydirmə saytlar ortaya çıxacaqdır. Əsaslandırmağa nə var: hökumət istəsə qulağın birini kəsərdi.

Sözgəlişi, qaz idarəsinin işçilərini yığıb aparıblar qan verməyə. Sən demə, bu idarədə nəsə adətə çevrilmiş humanist aksiya imiş. Guya könüllü imiş. Lap inanaq. Ancaq qaz idarəsi zəhmətkeşlərə qaz verməlidir, qan yox. Niyə bizdə hərə öz işiylə məşğul olmur? Baxırsan bank ağac əkir, ağacəkmə idarəsi kredit verir, təhsil şöbəsi torpaqlarımızı qoruyur, əsgərlər isə rəqs edirlər. Birini də özümdən yazım, dərdim təzələndi – mən də Narxozu qurtarmışam, gömrükdə, vergidə taylarım kimi pul saymaq yerinə, burda yazının işarəsini sayıram ki, görəsən mənə ayrılan yer haçan dolacaqdır. (Dəli şeytan deyir, yazının ardını boş qoy, oxuculara elan et ki, guya bu təzə stildir, davamını oxucular özləri fikirləşib tapmalıdır. Bəs nə, haçana qədər oxucu olmaq fikrindəsiniz? Siz də bir az yazın).

Bura çox əndrəbadi yerdir, burada ala qarğa bala çıxartmaqda mütləq çətinlik çəkəcəkdir, hətta ola bilsin qarğanı UZİ-yə soxsunlar, erkək yumurtlaması proqnoz edilməsə gözünü çıxarıb qarıldamağı qadağan etsinlər. Təzəlikcə bir hippi qaqaş vardı, millət az qaldı ona qalstuk-kostyum geyindirib JEK-ə ev pulu yığan işinə qoysun. Tarixən belə olubdur. Sevgililəri məcnun və dəli eləmişik, sevməyənləri isə ər-arvad.

Yaxşı yadıma düşdü, 3-4 gün qabaq telefonumun musiqi cərgəsi nədənsə itmişdi, məcbur olub bir qədər milli radiolarımıza qulaq asdım. Deyəsən İctimai Radioda idi, bir zənən xeylağı ağlaşma qurub orta əsrlər Şərq poeziyasını xırdalayırdı. Bir şairdən misal gətirdi, deyir, bu şairin şeiri vardır, orda yazıbdır ki, başqaları sevgilimin əlindən öpmək üçün sino gedir, ancaq mən onun ayaqlarını duz kimi yalayaram. Bah, bah… Alim xanım bunu belə əsaslandırdı ki, şairin məqsədi kütlədən seçildiyini göstərmək olubdur, burada ilahi eşq yaşanıbdır, canım sənə desin, məhəbbət ayaq altına düşdükcə ucalırmış və sairə. Anam-bacım, vallah, məsələni bu qədər qəlizləşdirməyə ehtiyac yoxdur axı. İstənilən Qərb internet portalında “ayaqdan öpməkdən zövq alanlar” yaz, gör nələr çıxacaqdır. Əlbəttə, məsləhətdir ki, uşaq-muşaqlar bu zaman ekrandan müəyyən qədər uzaqda durub kurrikulum məşğələsini həll etsinlər. Tutu, topu tut. Əli, nəvəni yoldan çağır. Belənçik elmi-pedaqoji suallar yəni.

Milli dövlətçiliyimizin başqa bir özəlliyi qəliz danışmaqdır. Qəsdən belə edirlər, camaat heç zad başa düşməsin. Örnək üçün, diplomatiya idarəsindən Qarabağın taleyini soruşursan, cavab gəlir: “Substantiv danışıqlar davam edir”. Yaxud, iqtisadiyyat nazirinin müavininə söz verilir, bu da başlayır ağlaşma qurmağa: “İqtisadiyyatımız gələn il diversifikasiya olunacaqdır”. İndi yazıq millət qalır məəttəl ki, bunlar nə deyir, diversiya niyə olur, substantivi Şuşanın harasından taxacağıq və sairə.

Yazını şair Mətləb Nağıdan iki beytlə bitirmək istəyirəm:

“Nə dözümlü xalqdı bu xalq,

Üçüncü min ildi dözür.

Nə haqq seçdi, nə də nahaq,

Bircə şeyi bildi – dözür.

Çıxmır buyruqdan, əmrdən,

Kəsir, pay verir ömürdən.

Möhkəmdi daşdan, dəmirdən,

Əjdahadı, fildi, dözür…”

Zamin Hacı

 

Yazarlar

Nəşr edilib: 2017/12/02 12:27

Baxış: 131


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06