İqbal Ağazadənin soyuducu böhtanı – Rauf Arifoğlunun Seçki Qərargahından cavab
35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə Xural TV-nin efirində Əvəz Zeynallının suallarını cavablandırıb. O, əlində düşən fürsətdə özünün təşviqatını aparmaq əvəzinə, açıq şəkildə 35 saylı seçki dairəsindən deputatlığa real və şanslı namizəd, “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğlunun əleyhinə qara piar aparıb. İ.Ağazadə belə bir iddia da irəli sürüb ki, guya R.Arifoğlunun adından seçicilərə 50 ədəd soyuducu paylanılıb.
Bununla bağlı Rauf Arifoğlunun Seçki Qərargahı qısa açıqlama yayıb. Məlumatda deyilir: “Əslində, İqbal Ağazadə faktiki olaraq həmin müsahibəsində təkcə bizə qarşı deyil, icra strukturlarına, dövlət qurumlarına, rəsmi şəxslərə qarşı da böhtanlar səsləndirib. Bunlar hüquqi məsuliyyət də yaradır.
Guya 50 seçiciyə soyuducu paylanması iddiası isə tamamilə gülünc və şərləmədir. O, açıq şəkildə Seçki Məcəlləsinin tələblərini pozaraq, rəqibinə böhtan atıb. Bununla bağlı müvafiq strukturlara da şikayət verəcəyik. Əlbəttə, başadüşüləndir, Ümid sədri özünün bütün şanslarının tükəndiyini gördüyü, seçilə bilməyəcəyini anladığı üçün bu cür pozucu fikirlər yaymağı özünə prioritet seçib. Rauf Arifoğlunun Seçki Qərargahı heç bir çirkli texnologiyaya baş vurmur, heç kimlə maddiyyat qarşılığında çalışmır, seçki prosesinin bütün qayda-qanunlarına riayyət edir. Tərəfimizdən 50 seçiciyə soyuducu paylanması iddiası heç bir məntiqə də sığmır, amma bizdə belə məntiqə uyğun gələn məlumat var idi ki, İqbal Ağazadənin adından seçicilərə şəkər tozu paylanılır. Biz heç bu iddiaya da inanmaq istəməzdik, amma buna dair faktlar kifayət qədərdir. Digər bir faktı isə 31 yanvarda Seçki Qərargahımız fiksə edib. İqbal Ağazadənin səlahiyyətli nümayəndəsi Xurmanaz Eyvazovanın azyaşlı uşaqlara pul paylaması, qarşılığında onlardan Rauf Arifoğlunun seçicilərlə görüşündə pozuculuq törətməsini tələb etməsinə dair video və fotolar çəkib yaymışıq”.
Musavat.com

