“İranın Azərbaycanda əli uzundur” – Keçmiş MTN zabiti
Məlum olduğu kimi, ABŞ Dövlət Departamenti Azərbaycanı terror riski daşıyan ölkələr kateqoriyasına daxil edib.
Minval.info mövzu ilə əlaqədar ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, polkovnik-leytenant İlham İsmayıldan münasibət öyrənib.
Ekspertin sözlərinə görə, Azərbaycanın bu kateqoriyaya daxil edilməsində İran faktoru rol oynayır: “Amerikanı Azərbaycanla müqayisə etdikdə görərik ki, orada daha çox terror hadisəsi olub. ABŞ ildə iki dəfə vətandaşları üçün belə xəbərdarlıq edir. Müxtəlif ölkələrin adını çəkir və 4 kateqoriyaya bölür. Azərbaycan ikinci kateqoriyaya aiddir. Ölkəmizin terror riski daşıyanların siyahısına salınması, İranda baş verən son hadisələrlə əlaqəlidir. Qonşu ölkə Amerikanı baş verənlərə görə günahlandırmışdı. İranın bizim ölkədə əli uzun olduğundan, bu məsələdə vətəndaşlarına xəbərdarlıq edib”.
İlham İsmayıl bildirib ki, bu, həmçinin ehtiyat xarakteri daşıyır: “Azərbaycan beynəlxalq təşkilatların siyahısında qeyri-azad ölkələr sırasındadır. Buraya Rusiya da aiddir və 1-ci kateqoriyaya salınıb. Əgər vətəndaş hansısa hüquqi prosedurla rastlaşırsa, onlara kömək etmək mümkün olmur. Siyahı tərtib ediləndə bunlar nəzərə alınır”.
Ekspert həmçinin əlavə edib ki, Azərbaycana müsəlman ölkəsi kimi yanaşma faktoru da bu sırlamaya təsir edən amillərdəndir.
Minval.info

