İş adamı hakim önündə: İrandan qaymaq içində gətirilən narkotik…
İrandan Azərbaycana narkotik gətirməkdə ittiham edilən şəxslərin məhkəməsi keçirilib.
Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana narkotik gətirməkdə ittiham edilən Nuri Rauf Məlikşah oğlu və İsgəndərov Arif Zərqulu oğlunun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inspektoru Novruz Mahmudov ifadə verib.
Şahid bildirib ki, təqsirləndirilənlərdən Arif İsgəndərovu tanıyır: “Əməkdaşlarımız üzərinə baxış keçirilən zaman o bildirdi ki, qaymaqdır. Amma içərisinə baxış keçirilən zaman məlum oldu ki, qaymaq deyil, tiryəkdir. Bu adam dedi ki, mal onun yox, İrandan birlikdə gəldiyi başqa şəxsindir”.
Məhkəmədə şahid qismində Elçin Kərimov ifadə verib. Hazırda narkotik ittihamı ilə həbsdə olan Elçin Kərimov bildirib ki, təqsirləndirilən şəxslərin hər ikisini də tanıyır.
Karqo şirkətinin olduğunu deyən Elçin Kərimov hadisə barədə bildiklərini belə danışıb: “Mənim karqom var idi. Sonra işlər bağlandı. Raufla mən qonşu idik. Arif də mənim sürücüm idi. Karqomdakı maşınlardan birini sürürdü. Rauf ev tikdirirdi deyə İrandan əşyalar alacaqdı. Mən də Arifi göndərdim ki, İrandakı müştərilərlə danışsın. Biz yenidən işə başlamaq istəyirdik. Onlar birlikdə İrana getdilər. Bakıya qayıdanda Rauf mənə zəng elədi ki, Arifi tutublar. Çantasında da narkotik olub. Sonra biz Raufla danışdıq. Görüşəndə mənə dedi ki, çantanı ona İranda veriblər. Rauf da aeroportda Arifə verib”.
Elçin Kərimov həbs edilməsinin səbəbini də məhkəməyə danışıb. Bildirib ki, bir neçə gün əvvəl narkotik ittihamı ilə həbs edilib. Özünü təqsirli bilməyən Kərimov qeyd edib ki, Nərimanov rayonu ərazisində olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb: “Dedilər ki, üzərində narkotik var. Həmin narkotiki də başqa şəxsə aparmaq istədiyimi dedilər. Bundan sonra da məni tutdular. Amma bu işdə heç bir günahım yoxdur”.
Məhkəmə iclası martın 29-da davam etdiriləcək.
Arif İsgəndərov ifadəsində deyib ki, Rauf Nuri ilə İrandan qayıdan zaman onun yüklərinə kömək edib. Rauf Nuri ona selofanda qaymaq olduğunu deyib. Amma hava limanında narkotik aşkar edilib.
Arif İsgəndərovun xanımı Gülnar İsgəndərova şahid qismində ifadəsində deyib ki, Rauf Nuri evlərinə gələrək bu işdə Arif də, özü də günahsız olduğunu deyib: “Rauf deyirdi ki, nə qədər istəsə pul verəcək, 500 min təklif edirdi. Deyirdi ki, obyektləri var. Hansına barmağımı qoysam, bizə verəcək. Təki bu işdə adı çəkilməsin. Arif azadlığa çıxaracağını deyirdi”.
Gülnar İsgəndərova həyat yoldaşının azadlığa çıxmadığını görüb və Gömrük Komitəsinə müraciət edib. Müraciətində deyib ki, Rauf onlara susmaq üçün pul təklif edir. Gömrük əməkdaşlarının istəyi ilə, Gülnar İsgəndərova Rauf Nuriyə zəng edib 3 min manat istəyib. 3 gün izlənilən Rauf Nuri pulu gətirən zaman saxlanılıb.
Rauf Nuri məhkəmədə Arif İsgəndərovun günahsız olduğunu deyib. Bildirib ki, İran vətəndaşı olan Hüseyn adlı şəxs ona pay kimi qaymaq verib. Amma qaymağın içərisində narkotik olduğunu bilməyib.
Xatırladaq ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin gömrük sərhədindən, gömrük nəzarətindən gizli keçirilməsinin qarşısı alıb. Tehran-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı İsgəndərov Arif Zərqulu oğlu gömrük nəzarətindən keçərkən onun əl yükü rentgen aparatında yoxlanılıb. Selofanda təmiz çəkisi 1 kq 20 qram olan heroin aşkar edilib.

