İspaniyada futbol klubu yaradan lənkəranlı qadın – FOTOLAR
Xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edən həmvətənlərimiz yaşayır.
Minval.info vaxtilə “Baku Hellin Deportivo” futbol klubunun prezidenti olmuş Gülnarə Xanbabayevadan söhbət açacaq. O, Lənkəran şəhərində doğulub və gənc yaşlarında Rusiyaya köçüb. Orada xeyli yaşayan G.Xanbabayeva artıq 10 ildən çoxdur ki, İspaniyaya yollanıb. Futbolla maraqlanmadığını deyən klub prezidenti təsadüf nəticəsində bu sahəyə gəldiyini deyib. İş qadını 2012-ci ildə İspaniyada “Baku de Valensiya” və “Ellin Deportivo” klublarının bazası əsasında yeni komanda – “Baku Hellin Deportivo” klubunu formalaşdırıb.
Klubun emblemi üçrəngli bayrağımızı simvolizə edirdi.
Komanda İspaniyanın üçüncü divizionunda mübarizə aparıb. Gülnarə xanım klub haqqında danışarkən deyib ki, futbolçuları hər dəfə oyuna başlamazdan öncə bir yerə toplaşaraq yüksək sədayla “Baku” söyləyirdilər.
Onların səsi bütün stadionu bürüyürdü. Oyunlar zamanı stadionda Azərbaycan bayrağının dalğalanması insana Gülnarə xanıma qürur verirdi.
İspanlar klubun adında “Bakı” sözünü görəndə, elə bilirdilər Valensiya şəhərinin bir məhəlləsidir. Ancaq Xanbabeyav orada Bakını, Azərbaycanı tanıtdıra bilib.
Mübarizə apardıqları divizionun lideri “Toledo” klubunun 1 milyon 200 min avro büdcəsi olub. “Baku”nun isə illik xərci 400 min avro təşkil edib. Əgər II diviziona çıxsaydılar, onlara maraq, sponsor təklifləri çoxalacaqdı və bu zaman büdcə 3 milyona yaxın olacaqdı.
Klubun ev oyunlarına 2000-2500 azarkeş gəlirdi. Nəzərə alsaq ki, Azərbaycan Premyer Liqasının oyunlarına bu qədər tamaşaçı gəlmirsə, Gülnarə xanımın komandası üçün yaxşı uğur olub.
Gülnara Xanbabayeva İspaniyada qalmaqalla da gündəmə gəlib. Onun futbolçularına “Santa Ana” stadionunda məşq etməyə icazə verilmədiyi üçün şəhər meriyasına üz tutub. Xanbabayeva baş verənlərə kəskin reaksiya verib, hətta problemin həll olunmayacağı təqdirdə istefa edəcəyini bildirib.
Gülnarə xanımın həmçinin “Atletiko”, “Real”, “Barselona” kimi nəhəng klublarla yaxşı əlaqələri də olub.
Gülnarə xanım müsahiblərində “Bakı” futbol klubunun İspaniyada çıxış etməsinin həm də diaspora fəaliyyətinin genişlənməsinə, Azərbaycanın adının tanıdılmasına şərait yaratdığını deyib.
Lakin təəssüflər olsun ki, komanda yarandığı bir neçə ildən sonra tarixə qovuşub. Amma bu, təbii ki, Gülnarə Xanbabayevanın gördüyü işin üzərinə kölgə sala bilməz.
Samir Mirzə / Minval.info






