İsrailli diplomat: “”Dəmir günbəz” sistemini azərbaycanlılarla bölüşməliyik”
“Sderot, Aşkelon və Bir Şevadan (Beer Sheva) olan israillilərə bu hekayə tanışdır”.
“Report” xəbər verir ki, bunu İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenk Ermənistanın Azərbaycanın mülki əhalisini raket atəşinə tutmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan döyüşdə uduzduğu üçün mülki əhalini hədəfə alır: “Döyüş meydanındakı itkiləri “tarazlaşdırmaq” üçün mülki şəxslərə raketlər atılır. Dəmir günbəz sistemini azərbaycanlı dostlarımızla bölüşməliyik”.
Xatırladaq ki, A.Lenk 2005-2009-cu illərdə İsrailin Azərbaycanda səfiri olub. Minval.info qeyd edir ki, “Dəmir günbəz” hava hücümundan taktiki müdafiə sistemi 4-70 kilometr məsafədə uçan idarəolunmayan taktiki raketlərdən müdafiə olunmaq üçün nəzərdə tutulub. İsrailin “Rafael” kompaniyası tərəfindən istehsal olunub. Hər batareya 150 kvadrat kilometrlik ərazini müdafiə etmək imkanına malikdir. İlk batareya döyüş növbəsinə 2011-ci ilin martında daxil edilib. 2014-cü ilin iyulunda bütün İsrail ərazisində döyüş növbəsinə 9 batareya cəlb olunub. 2014-cü ilin sonunadək “Dəmir günbəz” batareyaları 1200 raketi məhv etməyə müvəffəq olub. “Dəmir günbəz”dən ilk dəfə 2006-cı ilin iyunundan başlayan və bugünədək davam edən Qəzza sektorundakı hərbi əməliyyatlarda istifadə olunur. Bundan başqa “Dəmir günbəz” 2012-ci ilin noyabrın 14-21-də İsrailin həyata keçirdiyi “Bulud dirəyi” və 2014-cü ilin 7 iyul-26 avqustda həyata keçirdiyi “Sarsılmaz qaya” əməliyyatlarında uğurla sınaqdan çıxarılıb. “Dəmir günbəz” İsgəndər raketlərini belə məhv edə bilər.


