İtaliya və İsveçrədə mafiyaya qarşı əməliyyatın gedişində 75 nəfər həbs olunub
İtaliyanın maliyyə qvardiyası və İsveçrə polisi “Ndranqeta” adlı cinayətkar təşkilata qarşı miqyaslı əməliyyat keçirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, əməliyyat nəticəsində ağır cinayətlər törətməkdə şübhəli bilinən 75 nəfər həbs olunub.
İtaliyanın cənubunda yerləşən Katandzaro əyalətinin Maliyyə Qvardiyası nümayəndəsinin sözlərinə görə, həmin cinayət işində 158 nəfərin adı keçir. Həbs olunan şəxslərə mafiya fəaliyyəti, narkotik vasitələrin qaçaqmalçılığı, cinayət və korrupsiya yolu ilə əldə edilən çirkli pulların yuyulması və digər ağır cinayətlər üzrə ittiham irəli sürülüb. İtaliya Maliyyə Qvardiyasının 700-ə yaxın əməkdaşının cəlb olunduğu əməliyyatın gedişində cinayətkar qruplaşmaya aid 169 milyon avro dəyərində əmlak müsadirə edilib.
“Ndranqeta” təşkilatına qarşı əməliyyat İtaliya və İsveçrə hüquq-mühafizə orqanlarından təşkil olunan birgə istintaq qrupunun fəaliyyəti nəticəsində baş tutub.

