İtlə evləndirilən qızlar, öldürülən ilanlar… Dünya nələrə inanır?
Ölkəmizdə bir-birindən fərqli onlarla batil inanc var: gecə ev süpürülməz, önündən qara pişik keçibsə bu uğursuzluqdur.
Bəzi insanlar bu inanclara inandıqlarını etiraf edirlər. Əksəriyyət isə bütün bu inancların uydurma olduğun deyir, ancaq sağ əli qaşınanda pul gələr ümidi ilə tez ovucunu qaşıyır və yaxud toy günü yağış yağanda gəlin və ya bəyin qazan dibi yediyini istər-istəməz dilə gətirir.
Mənşəyi, əsası, doğruluq payı olub-olmadığı bəlli olmasa da, bu cür inanclar dünyanın hər yerində var. Üstəlik bəziləri məntiqli görünsə də, bir çoxu sadəcə gülünc görünür.
Minval.info dünyada geniş yayılmış, xalqın geniş kütləsi tərəfindən inanılan, qaydaları gözlənilən batil inanclar barədə məlumat verir.
Bolqarıstan əhalisi subay bir qızın masanın kənarında oturmasının onun heç vaxt evlənməməsinə səbəb olduğuna inanır. Bu inanc eynilə bizim ölkədə də mövcuddur.
13 rəqəminin uğursuz olması ilə bağlı kütləvi yayılmış bir fikir var. Ancaq çinlilər üçün sadəcə 13 yox, 4, 14, 23, 24 rəqəmləri də uğursuzdur. Məhz buna görə Çində heç bir binanın və otağın nömrəsi bu rəqəmlərdən biri deyil.
Hər hansı bir rəqəmə qarşı digər bir qərəz isə Aralıq dənizi sahili ölkələrdə, xüsusilə də İtaliyada yayılıb. 17 rəqəminin uğursuzluğuna inanan keçmiş Roma İmperiyası ölkələrində bu rəqəmdə otaq tapmaq mümkün deyil. 17 rəqəmini göstərən Roma rəqəmlərinin yer dəyişmə “VIVI”, yəni, “Yaşadım, bu halda öldüm” mənasını verir. 17 rəqəminin uğursuzluğuna inam da buradan gəlir.
Danimarkada qab qırılması ailəyə böyük sevinc gətirə bilər. Hətta onlar qırılan qabları atmır, ilin sonuna qədər saxlayırlar. Yeni il ərəfəsində nə qədər çox qab qırıqları varsa, ilin o qədər bərəkətli keçəcəyi düşünülür.
Rəngarəng Hindistanın batil inancları da çox müxtəlifdir. Ölkənin bəzi bölgələrində 7 yaşında qız uşaqları it ilə evləndirilir. Hindlilər düşünür ki, qızlar böyüyüb, həqiqətən evlənə qədər həmin it onu qoruyacaq. Yeni doğulmuş oğlan uşaqları isə yüksək bir yerdən atılır, bunun həmin uşağa sağlamlıq və şans gətirdiyinə inanırlar. Bu əməllərin kömək olub-olmadığını bilməsək də, hindlilərin uğurlu olmaq üçün atdıqları bir addım heç bir məntiqə sığmır. Hindistanlılar ilanın südü çox sevdiyinə inanır və ona görə də, gördükləri hər ilana zorla süd içirtməyə çalışırlar. Beləliklə, qarnı doyan ilanın onlara uğur gəticəyini düşünürlər. Ancaq nəticədə isə ilan ölür.
Dörd yarpaqlı yonca xristian aləmində müqəddəs bir yarpaq kimi xarakterizə edilir. Mifə görə onu qurudub dəftər arasında saxlamaq ömür boyu şans gətirir. İrlandlara görə, o vətəni kəm gözlərdən qoruyur. 4 yarpaqlı yonca çətin tapıldığı üçün bütün cəmiyyətlərdə uğurlu sayılır.
Minval.info

