Karantin rejimində bunu edən şəxslər 3 il həbs oluna bilər
Azərbaycanda COVID-19 virusunun yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan karantin rejimində bəzi vətəndaşlar sərbəst hərəkət etmək üçün müxtəlif yollara əl atırlar.
BAKU.WS xəbər verir ki, bunların arasında hərbi qulluqçu və polis əməkdaşlarına məxsus uniformaları geyinənləri, saxta jurnalist vəsiqələrindən istifadələri misal göstərmək olar.
Bu üsula əl atan şəxslər ölkənin müxtəlif bölgələrində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıblar. Ümumiyyətlə dövlət orqanlarına məxsus xüsusi geyim formalarından istifadə edilməsi cinayət məsuliyyəti yaradırmı? Bununla bağlı qanunvericiliklə hər hansı maddələr varmı?
Bu suallara cavab tapmaq üçün hüquq sahəsində çalışan şəxsə müraciət etdik. Vəkil Vamiq Şükürov BAKU.WS-ə açıqlamasında bildirdi ki, digər şəxslərin xüsusi geyim formalarından istifadə etməsi qanunla qadağandır: “Xüsusi dövlət orqanları – Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və digər qurumlarda işləyən vəzifəli şəxslər və əməkdaşlara məxsus olan və müvafiq qaydalarla formaları təsdiq olunan geyim formalarından istifadə edirlər. Həmin formalardan istifadə ancaq həmin qurumların əməkdaşlarına məxsudur.
Digər şəxslərin xüsusi geyim formalarından istifadə etməsi qadağandır və özünü bu formada vəzifəli şəxs kimi təqdim etmək cinayətdir. Lakin birbaşa bu geyimlərdən istifadə etmək cinayət məsuliyyəti yaratmır. Misal üçün, kimsə polisə məxsus geyimdən istifadə edərək ictimaiyyət arasına çıxırsa, hər hansı məsuliyyət tədbiri nəzərdə tutulmayıb. Həmçinin bu formaların müəyyən yerlərdə dərzilər tərəfindən tikilməsi və satılması qadağan deyil.

Xüsusi formalardan istifadə edərək hər hansı vətəndaşın aldadılması, özünü dövlət orqanının əməkdaşı kimi təqdim edərək zorakılığın törədilməsi məsuliyyətə səbəb olur və bu, ayrı-ayrı cinayət məsuliyyətləri yaradır.
Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə, inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir”.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 310-cu maddəsinə görə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə hallarına görə 1500 manatdan 3000 manatadək miqdarda cərimə nəzərdə tutulur. Həmin şəxslər həmçinin 240 saatdan 400 saatadək müddətə ictimai işlər, 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


